Ötən il Azərbaycanda qiymətli metal və daşlar sahəsində nəzarət orqanı tərəfindən 37 min manata yaxın cərimə tətbiq olunub

Ötən il Azərbaycanda qiymətli metal və daşlar sahəsində nəzarət orqanı tərəfindən 37 min manata yaxın cərimə tətbiq olunub
# 17 yanvar 2014 13:25 (UTC +04:00)

Bakı. Vahab Rzayev – APA-Economics. Azərbaycan Maliyyə Nazirliyinin Qiymətli Metallara və Qiymətli Daşlara Nəzarət Dövlət Xidməti tərəfindən 2013-cü ildə sahibkarlar tərəfindən edilən müraciətlərə əsasən 373 xüsusi razılıq (lisenziya) verilib. «APA-Economics»in xəbər verdiyi kimi, bu barədə Nazirliyin məlumatında deyilir.

Məlumata əsasən, onlardan 36-sı qiymətli metalların və qiymətli daşların emalı və istifadəsi ilə bağlı, 319-u dövriyyəsi ilə bağlı və 18-i surət olmaqla lisenziya verilib, təxminən 193 min manat məbləğində dövlət rüsumunun ödənilməsi təmin edilib, 13 lisenziyanın fəaliyyəti dayandırılıb.


Ötən il Qiymətli Metallara və Qiymətli Daşlara Nəzarət Dövlət Xidməti tərəfindən «Qiymətli metallar və qiymətli daşlar haqqında» qanunun tələblərinə əməl edilməsinə riayət edilməsi məqsədi ilə 48 yoxlama aparılıb. Aparılan yoxlamalar nəticəsində sahibkarlıq subyektlərindən ekspertiza, analiz, əyarlanma və damğalanma məqsədilə 26 994 ədəd məmulatın Xidmətə gətirilməsi təmin edilib. Gətirilməsi təmin edilmiş məmulatların üzərində mənşəyi məlum olmayan saxta ad və əyar damğalarının izləri müəyyən edilmiş və əyarlarının, üzərində göstərilən əyardan aşağı əyar olduğu aşkar edilib. Həmin məmulatların üzərində saxta ad və əyar damğalarının izləri təmizlənmiş və onlar əyarlarına uyğun dövlət əyar damğası ilə damğalanıb. Nəzarət işləri zamanı Xidmətə gətirilməsi təmin edilmiş dövlət əyar damğası ilə damğalanmayan zərgərlik məmulatlarına görə 232,4 min manatdan artıq dövlət rüsumunun ödənilməsi təmin edilib.


Ötən ildə yol verilmiş nöqsanlarla əlaqədar qanun pozuntusu aşkar edilmiş sahibkarlar barədə inzibati xətalar üzrə inzibati tənbehin tətbiq edilməsi haqqında 43 qərar çıxarılıb və ümumilikdə 36,6 min manat məbləğində inzibati cərimə tətbiq edilib. Ümumilikdə, hesaat ilində 29,8 min manat məbləğində inzibati cərimənin dövlət büdcəsinə ödənilməsi təmin edilib.


Xidmətə ekspertiza, analiz, əyarlanma və damğalanmaq üçün daxil olmuş qiymətli metallardan hazırlanmış zərgərlik və digər məişət məmulatlarına görə 2013-cü ildə isə 1,512 mln. manat dövlət rüsumunun ödənilməsi təmin edilib. Ümumilikdə, Qiymətli Metallara və Qiymətli Daşlara Nəzarət Dövlət Xidməti tərəfindən 2013-cü ildə 1,722 mln. manat məbləğində vəsaitin dövlət büdcəsinə ödənilməsi təmin olunub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR