İranda 366 nəfər prezidentliyə namizədliyinin qeydiyyata alınması üçün müraciət edib

İranda 366 nəfər prezidentliyə namizədliyinin qeydiyyata alınması üçün müraciət edib
# 10 may 2013 21:52 (UTC +04:00)

Bakı. Real Cəfərli – APA. Son dörd gündə İranda prezidentliyə namizədliyinin qeydiyyata alınması üçün müraciət edənlərin sayı 366 nəfərə çatıb. APA-nın “Fars” xəbər agentliyinə istinadən məlumatına görə, prezident seçkilərinə namizədlərin rəsmi qeydiyyataalma mərhələsinin dördüncü günü 123 nəfər müraciət edib. Bu gün prezidentliyə namizədliyinin qeydiyyata alınması üçün ərizə verənlər arasında nüfuzlu şəxslərdən İran parlamentinin sabiq spikeri Qulaməli Həddad Adil, keçmiş vitse-prezident Məhəmmədrza Arif, İran Məsləhət Şurasının katibi, SEPAH-ın keçmiş komandanı Möhsün Rzayi, sabiq azərbaycanlı deputat Əkbər Ələmi, keçmiş deputat Əlirza Zəkani və sabiq nazir Əlirza Əli Əhmədi də var.

Qeyd edək ki, prezident seçkilərinə namizədlərin rəsmi qeydiyyataalma mərhələsinin ilk günü 75, ikinci günü 69, üçüncü günü isə 99 nəfər nəfər ərizə verib. Onların arasında nüfuzlu şəxslər - İran Strateji Araşdırmalar Mərkəzinin rəhbəri Həsən Ruhani, İran Mərdomsalari (Demokrat) Partiyasının baş katibi, keçmiş islahatçı millət vəkili Mustafa Kəvakabian sabiq səhiyyə naziri Kamran Bağıri Lənkərani, keçmiş yollar və şəhərsalma naziri Məhəmmədrza Səidikiya və sabiq vitse-prezident Sadıq Vaəzzadə, İran Qızıl Aypara Cəmiyyətinin sədri Mahmud Müzəffər, millət vəkili Həsən Sübhani, “Hizbullah”ın baş katibi Seyid Məhəmməd Bağır Xərrazi, keçmiş informasiya, təhlükəsizlik və kəşfiyyat naziri Əli Fəllahian, sabiq neft, həmçinin keçmiş informasiya texnologiyaları və kommunikasiya naziri Seyid Məhəmməd Qərrazi. İranın Mədəni irs, Sənətkarlıq və Turizm Təşkilatının rəhbəri, Kermani Fars vilayətinin sabiq valisi Ruhulla Əhmədzadə ilə yanaşı, 12 qadın da var.

Xatırladaq ki, mayın 7-də İranda iyunun 14-də keçiriləcək XI dönəm prezident seçkilərinə namizədlərin rəsmi qeydiyyataalma mərhələsi başlayıb. Proses mayın 11-dək davam edəcək. Mayın 12-16-da İran Konstitusiyasına Nəzarət Şurası (Şura-ye Negahban) həmin namizədlərin səlahiyyətinə baxacaq və kimin prezident seçkilərinə buraxılması və ya namizədliyinə xitam verilməsi barədə qərar çıxaracaq. Bundan sonra hansısa bir səbəbdən səlahiyyətinə xitam verilmiş prezidentliyə namizəd 16-23 may arasındakı bir müddətdə şuranın qərarından şikayət edə bilər. Mayın 23-24-də isə İranın Daxili İşlər Nazirliyi prezident seçkilərinə qatılacaq namizədlərin adlarını açıqlayacaq. Mayın 24-dən iyunun 12-dək təbliğat kampaniyası həyata keçiriləcək. Eyni zamanda İran Daxili İşlər Nazirliyi qeydiyyataalma mərhələsi və digər seçki işləri üçün ölkə daxilində 67 min seçki bürosunun fəaliyyət göstərəcəyini açıqlayıb. İran Dövlət Televiziya və Radio Təşkilatı (İRİB) isə prezidentliyə namizədlərin hər birinə öz seçki platformalarını seçicilərinə açıqlamaq üçün 10 saat efir vaxtı ayıracağını açıqlayıb. Belə ki, təbliğat kampaniyası zamanı hər bir namizədə 6 saat mili televiziyada, 4 saat isə milli radioda efir vaxtı veriləcək.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR