ABŞ və Avropa Birliyi İranla müzakirələrdə müsbət irəliləyiş əldə olunduğunu təsdiqləyiblər

ABŞ və Avropa Birliyi İranla müzakirələrdə müsbət irəliləyiş əldə olunduğunu təsdiqləyiblər
# 11 yanvar 2014 16:55 (UTC +04:00)

Bakı. Real Cəfərli - APA. ABŞ Dövlət Departamenti Cenevrə müzakirələri ilə bağlı məlumat yayıb.

APA-nın İran mətbuatına istinadən məlumatına görə, xəbərdə İranla son müzakirələrdə yaxşı irəliləyişlər əldə olunduğu bildirilir. Ancaq bununla belə, hələ tam müsbət nəticə əldə olunmadığı qeyd edilib. Məlumatda həmçinin məsələnin müsbət nəticələndiyinə dair söz-söhbətlərin doğru olmadığı və müzakirələrin davam etdirildiyi vurğulanıb.

ABŞ Dövlət Departamentinin sözçüsü Cen Pesaki isə deyib ki, rəsmi Vaşinqton İranın nüvə proqramı ilə bağlı aparılan texniki müzakirələrdə müsbət irəliləyişlər əldə olunduğunu təsdiqləyir: “Biz ötən bir neçə gündə ətraflı texniki danışıqlar və mövzularda yaxşı irəliləmişik. Bu müzakirələrdə bir neçə mühüm məsələ irəli sürülüb. Lakin hazırkı dövrdə bütün problemlərin həll olunması və yekun razılığın əldə edilməsinə dair məlumatlar qeyri-düzgündür”.

Avropa Birliyinin xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsinin sözçüsü Maykl Mann bildirib ki, Avropa Birliyi və İran rəsmiləri Cenevrə müzakirələrində nüvə razılaşmasının icrası barədə son dərəcə yaxşı irəliləyişə nail olublar: “Avropa Birliyinin xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsinin müavini Helqa Şmidt və İran xarici işlər nazirinin beynəlxalq və hüquqi məsələlər üzrə müavini, baş nüvə müzakirəçisi Seyid Abbas Əraqçı bütün məsələlərdə yaxşı irəliləyişə nail olublar. Bununla belə, hər cür razılaşma İran və onun nüvə fəaliyyətləri barədə müzakirə aparan “altılıq” ölkələri tərəfindən təsdiq olunmalıdır”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR