Asiya İnkişaf Bankı (ADB) Azərbaycan da daxil olmaqla CAREC ölkələrində sərhəd-keçid məntəqələrinin modernləşdirilməsi üçün 400 milyon ABŞ dollarınadək regional maliyyələşdirmə mexanizmi yaratmağı planlaşdırır.
"APA-Economics" xəbər verir ki, “İnteqrasiya, logistika və inkişaf üçün sərhəd-keçid məntəqələrinin təkmilləşdirilməsi mexanizmi” adlı layihə hazırda təklif mərhələsindədir. Layihəyə Azərbaycanla yanaşı, Gürcüstan, Qazaxıstan, Özbəkistan, Türkmənistan, Qırğızıstan, Tacikistan, Pakistan, Əfqanıstan, Monqolustan və Çin daxildir.
Sənədə əsasən, mexanizm çərçivəsində 320 milyon dollar adi kredit resursları, 65 milyon dollar güzəştli kredit və 15 milyon dollar qrant ayrılması nəzərdə tutulur.
Maliyyələşdirmə sərhəd-keçid məntəqələrinin infrastrukturunun yenilənməsinə, gömrük və digər sərhəd prosedurlarının təkmilləşdirilməsinə, rəqəmsallaşmanın genişləndirilməsinə və yükdaşımalar zamanı vaxt və xərclərin azaldılmasına yönəldiləcək.
ADB bildirir ki, sərhəd-keçid məntəqələrində köhnəlmiş infrastruktur, qurumlararası koordinasiyanın zəifliyi, müasir ödəniş və yoxlama sistemlərinin çatışmazlığı uzun gözləmə müddətlərinə və əlavə xərclərə səbəb olur. Layihə çərçivəsində “vahid pəncərə” sistemləri, süni intellekt əsasında risklərin idarə olunması və müasir yoxlama avadanlıqlarının tətbiqi də nəzərdə tutulur.
Mexanizmin 10 il müddətində həyata keçirilməsi planlaşdırılır. Hər bir ayrıca layihə üzrə ADB-nin maliyyələşdirməsi maksimum 50 milyon dollar ola bilər. Bundan əlavə, iştirakçı ölkələr üzrə təxminən 150 milyon dollar əlavə birgə maliyyələşdirmənin cəlb edilməsi hədəflənir.