Təhsil Nazirliyi 2 lisey və 1 gimnaziyaya şagird qəbulu elan edib

Təhsil Nazirliyi 2 lisey və 1 gimnaziyaya şagird qəbulu elan edib
# 08 aprel 2015 14:57 (UTC +04:00)

Bakı. Könül Kamilqızı - APA. Təhsil Nazirliyi tərəfindən Fizika-riyaziyyat və informatika təmayüllü respublika liseyi, Kimya-biologiya təmayüllü respublika liseyi və A.S.Makarenko adına humanitar fənlər təmayüllü respublika gimnaziyasına 2015-2016-cı tədris ili üçün VII, VIII və IX siniflər üzrə şagird qəbulu elan edilib.

Nazirlikdən APA-ya verilən xəbərə görə, gimnaziya və liseylərdə xüsusi istedadlı şagirdlərin təhsili üçün fərqli proqramlar tətbiq olunur, onlar keyfiyyətli təhsillə təmin edilirlər. Ənənələri ilə seçilən, təcrübəli pedaqoji kollektivə malik gimnaziya və liseylər şagirdlərin yüksək hazırlıq səviyyəsini təmin etmək üçün zəruri maddi-texniki baza ilə təchiz edilib. İnteraktiv tədris yüksək texnologiyaların tətbiqi ilə həyata keçirilir. Təhsil müəssisələrində məktəblilərin yerli və beynəlxalq olimpiadalara hazırlanması üçün müvafiq mərkəzlər də fəaliyyət göstərir.

Hazırda VI, VII və VIII siniflərdə təhsil alan şagirdlər gimnaziya və liseylərdə yaradılmış qəbul komissiyalarına ərizə ilə müraciət edə bilərlər. Sənədlərin qəbulu hər gün (bazar günü istisna olmaqla) saat 10:00-dan 17:00-dək qeyd olunan gimnaziya və liseylərdə aparılır. Bundan başqa, bəzi sənədlərin elektron şəkildə qəbulu [email protected] elektron poçtu vasitəsilə aparılır. Elektron sənəd göndərərkən mövzu yerində qəbul olmaq istədiyiniz məktəbin adını qeyd edin. Qəbul imtahanları 16 may tarixlərində keçiriləcək. Müraciət üçün son tarix mayın 8-dir.

Əlavə məlumat almaq üçün Fizika-riyaziyyat və informatika təmayüllü respublika liseyi, Kimya-biologiya təmayüllü respublika liseyi və A.S. Makarenko adına humanitar fənlər təmayüllü respublika gimnaziyasına müraciət etmək olar.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR