Bu il Azərbaycanda xüsusi qayğıya ehtiyac duyan 13 uşaq ailələrinə verilib

Bu il Azərbaycanda xüsusi qayğıya ehtiyac duyan 13 uşaq ailələrinə verilib
# 19 iyul 2014 17:26 (UTC +04:00)

Bakı. Könül Kamilqızı – APA. Bu ilin 6 ayı ərzində 88 nəfər Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Təminat Xidmətinin tabeliyində olan sosial xidmət müəssisələrinə yerləşdirilib.

Müəssisələrdə ümumilikdə 1025 nəfər tam dövlət təminatında olub. “Azərbaycan Respublikasında dövlət uşaq müəssisələrindən uşaqların ailələrə verilməsi (De-institusionalizasiya) və alternativ qayğı Dövlət Proqramı”na uyğun olaraq, xüsusi qayğıya ehtiyac duyan uşaqlar üçün 3 saylı və 7 saylı internat evlərindən 13 nəfər ailələrinə verilib.

Hesabat dövründə rayon (şəhər) ƏSMM-lərinin Sosial-məişət xidməti sektorları tərəfindən 11007 nəfəri 70 yaşdan yuxarı, 2199 nəfəri 70 yaşdan aşağı olan ümumilikdə 13206 nəfərə evlərində sosial-məişət xidməti göstərilib.

Sağlamlıq imkanları məhdud gənclərin Peşə Reabilitasiya Mərkəzinə ümumilikdə 176 nəfər sağlamlıq imkanları məhdud gənc peşə və idman kurslarına qəbul edilib. Kursları bitirdikdən sonra keçirilmiş imtahanın nəticəsinə əsasən, onlardan 54 nəfərinə sertifikat, 11 nəfərinə arayış verilib. 6 nəfər səhhəti ilə əlaqədar, 20 nəfəri isə digər səbəblərdən kursu tamamlaya bilməyib. Qalan 85 nəfərin qatıldığı kursun müddəti 6 aylıq olduğu üçün davam edir.

Son 6 ayda 1040 nəfər imtiyazlı şəxs sanatoriya-kurort putyovkaları (yollayışlar) ilə təmin edilib ki, bu da 2013-cü ilin müvafiq dövrünə nisbətən 155 nəfər çoxdur. Eyni zamanda, 6 ay ərzində 1 saylı və 4 saylı cəzaçəkmə müəssisələrində azad edilmələrinə 3 ay qalmış şəxslərlə görüş keçirilərək, azad edildikdən sonra sosial reabilitasiyaya ehtiyacı olan şəxslərə müvafiq köməkliklərin göstərilməsi ilə bağlı maarifləndirmə işləri aparılıb. Hazırda ölkədə yeni sosial layihələrdən biri kimi, Qobustan şəhərində Penitensiar müəssisələrdən azad edilmiş şəxslər üçün Sosial Adaptasiya Mərkəzi inşa olunmaqdadır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR