“Fitch Ratings” bu il Azərbaycanda həm icmal büdcənin, həm də cari əməliyyatlar hesabının profisitlə yekunlaşacağını gözləyir.
“APA-Economics” xəbər verir ki, bunu “Fitch Ratings”in Şərqi Avropa üzrə suveren reytinqlər rəhbəri, baş direktor Erich Arispe Morales Bakıda keçirilən “Fitch Azərbaycanda” tədbirində bildirib.
Onun sözlərinə görə, neft-qaz qiymətlərinin azalacağı gözləntisinə baxmayaraq, Azərbaycanın fiskal və xarici mövqeyi güclü olaraq qalacaq.
“Bu il icmal büdcə üzrə ÜDM-in təxminən 3,7%-i həcmində profisit, cari əməliyyatlar hesabında isə ÜDM-in təxminən 11%-i səviyyəsində profisit gözləyirik”, – Morales bildirib.
O qeyd edib ki, “Fitch” üçün əsas məsələlərdən biri hökumətin mövcud əlverişli neft-qaz mühitindən necə istifadə etməsi və orta müddətli dövrdə dövlət maliyyəsinin neft gəlirlərindən asılılığını necə azaltmasıdır.
Morales Azərbaycanın fiskal qayda çərçivəsində qeyri-neft ilkin kəsirini azaltmağa çalışdığını və indiyədək bu istiqamətdə göstəricilərin ilkin gözləntilərdən daha yaxşı olduğunu bildirib.
Onun sözlərinə görə, bundan sonrakı əsas məsələ fiskal konsolidasiyanın hansı yolla - qeyri-neft gəlirlərinin artırılması, xərclərin azaldılması və ya hər iki istiqamətdə tədbirlər hesabına həyata keçiriləcəyidir.