Ərdoğanın “Facebook” və “Twitter” internet səhifələrinin olmadığı açıqlanıb

Ərdoğanın “Facebook” və “Twitter” internet səhifələrinin olmadığı açıqlanıb
# 04 aprel 2013 16:22 (UTC +04:00)

Bakı-APA. Azərbaycanın Türkiyədəki səfirliyi Müsavat başqanı İsa Qəmbərin bu ölkəyə səfəri zamanı verdiyi açıqlamalara baş nazir Rəcəb Tayyip Ərdoğanın “Facebook” səhifəsində yer verilməsinə dair xəbərləri araşdırıb. Səfirlikdən APA-ya verilən məlumata görə, diplomatik missiya Türkiyə baş nazirinin aparatı və Türkiyə Xarici İşlər Nazirliyi ilə əlaqə saxlayaraq məsələnin əsl mahiyyətini aydınlaşdırıb.

Səfirlikdən bildiriblər ki, “hər iki yüksək səviyyəli dövlət qurumundan əldə olunan məlumata əsasən, Türkiyənin baş naziri cənab Rəcəb Tayyip Ərdoğanın “Facebook” və “Twitter” internet səhifələrinin olmadığı anlaşılıb. Müsavat sədri İsa Qəmbərin Türkiyəyə səfəri zamanı verdiyi açıqlamaların yer aldığı “Facebook” səhifəsinin isə tamamilə saxta bir ad altında fəaliyyət göstərdiyi məlum olub”.

Türkiyə baş nazirinın Aparatından Səfirliyimizə bildiriblər ki, baş nazir özü də çox sayda “Recep Tayyip Erdoğan” adında saxta “Facebook” internet səhifələrinin mövcudluğundan narahatdır və bu məsələnin təhqiq olunmasına və səhifələri yaradanların cəzalandırılmasına dair göstəriş verib.

Qeyd edək ki, İsa Qəmbərin Türkiyəyə səfəri zamanı verdiyi açıqlamaların Rəcəb Tayyip Ərdoğanın “Facebook” səhifəsində yer verilməsinə dair xəbəri “Yeni Müsavat” qəzeti yayıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR