Bakıda beynəlxalq kənd təsərrüfatı sərgisi keçiriləcək

Bakıda beynəlxalq kənd təsərrüfatı sərgisi keçiriləcək
# 23 aprel 2013 14:56 (UTC +04:00)

Bakı. Nicat Mustafayev – APA-Economics. Mayın 22-24-də Böyük Britaniyanın «ITE Group» şirkətinin Qafqazdakı eksklüziv tərəfdaşı olan «Iteca Caspian» şirkətinin təşkilatçılığı ilə Bakıda VII Azərbaycan Beynəlxalq Kənd Təsərrüfatı Sərgisi («Agrihort Azerbaijan-2013») keçiriləcək.


«Iteca Caspian»dan «APA-Economics»ə verilən məlumata görə, sərgi Ukrayna, Almaniya, Rusiya, Fransa, İtaliya, İspaniya və Hollandiyadan olan kənd təsərrüfatı məhsullarının istehsalçı və təchizatçılarını bir araya gətirəcək. «Agrihort Azerbaijan» sərgisinin meydançası ötən illə müqayisədə 30% genişlənib. Sərgidə kənd təsərrüfatı və quşçuluq fabrikləri üçün avadanlıqlar, həmçinin istixana avadanlıqları, suvarma sistemləri, toxumlar, gübrələr və s. bu kimi məhsullar nümayiş etdiriləcək. Sərgi pavilyonun qarşısındakı açıq meydançada isə ziyarətçilərin diqqətinə kənd təsərrüfatı texnikası təqdim olunacaq.


«Bu ilin aprel ayında Azərbaycan Kənd Təsərrüfatı Nazirliyi 2020-ci ilədək aqrar sektorun inkişafı ilə bağlı strategiya hazırlayıb. Bunun fonunda bu sahə üzrə sərgilərə olan tələbatı lazımınca qiymətləndirməmək qeyri-mümkündür, belə ki, bu sərgilər unikal marketinq aləti və biznes əlaqələri üçün əla vasitə hesab olunur. Sərgidə iştirakçılar öz şirkətlərinin uğurlarını nümayiş etdirəcək və ictimaiyyəti yeni brendlərlə tanış edəcək. Peşəkar ziyarətçilər isə 3 gün ərzində perspektivli texnologiyalarla tanış olmaq və yenilikləri şəxsən sınaqdan keçirmək imkanına malik olacaqlar ki, bu da biznesin inkişafına müsbət təkan verə bilər», - deyə «Iteca Caspian»dan bildirilib.


Qeyd edək ki, sözügedən sərgi Kənd Təsərrüfatı Nazirliyi, Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondu (Azpromo) və Azərbaycan Sahibkarlar Konfederasiyası tərəfindən dəstəklənir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR