Bakıda «Azərbaycanda istehlakçı hüquqları qorunur» mövzusunda konfrans keçirilib

Bakıda «Azərbaycanda istehlakçı hüquqları qorunur» mövzusunda konfrans keçirilib
# 15 mart 2013 12:32 (UTC +04:00)

Bakı. Nicat Mustafayev - APA-Economics. Bu gün Ümumdünya İstehlakçıların Hüquqlarının Müdafiəsi Günü ilə bağlı Azərbaycan İqtisadi İnkişaf Nazirliyi yanında Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidmətinin təşkilatçılığı ilə Bakıda «Azərbaycanda istehlakçı hüquqları qorunur» mövzusunda konfrans keçirilib.

APA-Economics”in məlumatına görə, tədbirdə aidiyyəti dövlət qurumlarının, beynəlxalq və ictimai təşkilatların nümayəndələri, eləcə də 150-dən çox sahibkar iştirak edib.

Konfransı giriş sözü ilə açan Dövlət Xidmətinin rəisi Zahid İsayev istehlakçı hüquqlarının qorunmasının dövlətin iqtisadi siyasətinin prioritet istiqamətlərindən olduğunu vurğulayıb. Z.İsayev istehlakçıların hüquqlarının müdafiəsi sahəsində maarifləndirmənin xüsusi rolunu qeyd edib, Dövlət Xidməti tərəfindən bu sahədə görülən işlər barədə məlumat verib və bildirib ki, Dövlət Xidmətinin təşkilatçılığı ilə aidiyyəti dövlət qurumlarının, ictimai təşkilatların, sahibkarların, ictimaiyyət və kütləvi informasiya vasitələri nümayəndələrinin iştirakı ilə 2012-ci ildə Bakıda və regionlarda 13 konfrans, ali və orta ixtisas təhsil müəssisələrində 7 seminar keçirilib, sahibkarlara və istehlakçılara 21 adda 200 mindən artıq buklet və yaddaş kitabçaları paylanıb.

«Bundan başqa, istehlakçıların hüquqlarının etibarlı müdafiəsinin təmin olunması, istehlak bazarının keyfiyyətsiz və insan sağlamlığı üçün təhlükəli mallardan qorunması məqsədilə Dövlət Xidməti tərəfindən 2012-ci il ərzində həyata keçirilmiş nəzarət tədbirləri zamanı mənşəyi məlum olmayan, saxlama müddəti ötmüş, etiketlənməsi, keyfiyyət və təhlükəsizlik göstəriciləri normativ sənədlərin tələblərinə uyğun olmayan 84,6 ton ərzaq malları, 1,6 ton qeyri-ərzaq malları və 0,1 ton tikinti materialları dövriyyədən çıxarılaraq məhv edilib», - deyə Z.İsayev bildirib.

Konfransda Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidmətinin rəis müavini Araz Əliyev, Səhiyyə Nazirliyinin Respublika Gigiyena və Epidemiologiya Mərkəzinin şöbə müdiri Ziyəddin Kazımov, Kənd Təsərrüfatı Nazirliyi yanında Dövlət Baytarlıq Xidmətinin rəis müavini Emin Şahbazov, Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsinin nümayəndəsi Elmar Rzayev, Azərbaycan Sahibkarlar Konfederasiyasının baş katibi Məhəmmədəli Əfəndiyev, Türk Sənayeçi İşadamları Birliyinin baş katibi Yasin Göral, Azad İstehlakçılar Birliyinin sədri Eyyub Hüseynov, İstehlakçıların Maarifləndirilməsi və Hüquqlarının Müdafiəsi İctimai Birliyinin sədri İmaməddin Mehrəliyev çıxış edərək istehlakçı hüquqlarının qorunması sahəsində görülən işlər, bu sahədə sahibkarların vəzifələri barədə məlumat verib, həyata keçirilən tədbirlərin səmərəliliyinin artırılması istiqamətində müxtəlif təkliflər səsləndiriblər.

Qeyd edək ki, bu gün Ümumdünya İstehlakçı Hüquqlarının Müdafiəsi Günüdür. 1983-cü ildən etibarən hər il qeyd olunan bu gün bütün dünyada olduğu kimi, Azərbaycanda da qeyd edilir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR