Yaponiya şirkəti Azərbaycanda məcburi köçkünlər, qaçqınlar və digər aztəminatlı insanlar üçün növbəti humanitar missiya həyata keçirir

Yaponiya şirkəti Azərbaycanda məcburi köçkünlər, qaçqınlar və digər aztəminatlı insanlar üçün növbəti humanitar missiya həyata keçirir
# 02 iyul 2012 07:18 (UTC +04:00)
Bakı-APA. “Fuci Optical” görmə qabiliyyətinin müayinəsi ilə bağlı Azərbaycana 8-ci humanitar missiyasını həyata keçirir. Bu barədə APA-ya BMT-nin Qaçqınlar üzrə Ali Komissarlığının (QAK) Azərbaycandakı Nümayəndəliyindən bildirilib.
Məlumata görə, məcburi köçkünlər, qaçqınlar və digər aztəminatlı insanlar üçün ödənişsiz göz müayinəsi və eynək paylanışının 3-9 iyul tarixlərdə Tərtər, Goranboy rayonlarında və Bakı şəhərində keçirilməsi planlaşdırılıb. Yardım proqramı BMT QAK-ın Azərbaycandakı Nümayəndəliyi və yerli hakimiyyət orqanları ilə sıx əməkdaşlıq şəraitində həyata keçiriləcək.
Yaponiyanın məhdud məsuliyyətli şirkəti olan “Fuji Optical” BMT-nin QAK-ın əsas özəl donorlarından biridir. Bu əməkdaşlığın tarixi 1983-cü ilə gedib çıxır ki həmin ildə şirkət Tailandakı hindi-çin qaçqınları üçün göz müayinəsi və eynək paylanışı həyata keçirməyə başlamışdı. 2005-ci ildən etibarən eyni humanitar layihələr Azərbaycanda olan məcburi köçkünlər və qaçqınlar arasında da keçirilib. Missiyaya “Nansen qaçqın mükafatı”na 2006-cı ildə layiq görülmüş dünya şöhrətli optometrist doktor Akio Kanai başçılıq edir.
“Fuji Optical” Azərbaycandakı fəaliyyətinə indiyədək bir milyon ABŞ dollarından artıq vəsait xərcləyib. 30 minədək yüksək keyfiyyətli optik eynək və digər vasitələr BMT QAK-ın Azərbaycandakı fəaliyyətinə dəstək kimi ölkəyə gətirilib. Ümumilikdə, 12 mindən artıq qaçqın, məcburi köçkün və digər aztəminatlı şəxs şirkətin ödənişsiz göz müayinəsi xidmətindən faydalanıb. Bu il, “Fuji Optical” Azərbaycana 4500 eynək və digər vasitələr gətirib və qeyd olunan ərazilərdə 2000 məcburi köçkün, qaçqın və digər aztəminatlı şəxslər üçün göz müayinəsi həyata keçirmək niyyətindədir.
BMT-nin ixtisaslaşmış qurumlarından biri olan BMT QAK dünyada olan qaçqınların himayəsi sahəsində beynəlxalq müdaxilələrin idarə olunması, əlaqələndirilməsi, həmçinin, qaçqınların problemləri üçün davamlı həll yollarının axtarılması vəzifəsini daşıyır. Təşkilat Dağlıq Qarabağ münaqişəsi nəticəsində didərgin salınmış yüz minlərlə məcburi köçkünə və digər ölkələrdən olan minlərlə qaçqına yardım göstərmək üçün 1992-ci ilin dekabrından Azərbaycanda fəaliyyətdədir.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR