“Əqli mülkiyyət haqqında hüquqlarının təminatı və piratçılığa qarşı mübarizə haqqında” qanun layihəsi ilk oxunuşda qəbul olunub

“Əqli mülkiyyət haqqında hüquqlarının təminatı və piratçılığa qarşı mübarizə haqqında” qanun layihəsi ilk oxunuşda qəbul olunub
# 01 may 2012 12:10 (UTC +04:00)
APA-nın xəbərinə görə, iclasda Müəllif Hüquqları Agentliyinin sədri Kamran İmanov da iştirak edib.

İclasda məlumat verilib ki, layihə 4 fəsil və 17 maddədən ibarətdir. Qanun layihəsi əqli mülkiyyət hüquqlarının müdafiəsinin təmin edilməsi, əqli mülkiyyət hüquqları sahiblərinin maraqlarının qorunması və bu sahədə hüquqpozmaların, o cümlədən müvafiq əqli mülkiyyət obyektlərinin nüsxələrinin qeyri-qanuni istehsalı və yayımlanmasının qarşısının alınması ilə bağlı yaranan münasibətləri tənzimləyir. Layihədə bu sahədəki əsas anlayışların izahı verilib.

Sənəddə qeyd olunur ki, hüquq sahibinin və ya onun nümayəndəsinin əsaslandırılmış müraciəti olduqda, əqli mülkiyyət hüquqlarının pozulması ilə əlaqədar mülki işə baxan məhkəmə hüquqpozmaya yol verən şəxsdən pirat məhsulların hazırlanmasında (istehsal edilməsində), yayılmasında və əqli mülkiyyət hüquqlarını pozan xidmətlərin göstərilməsində birbaşa, yaxud dolayı yolla iştirak edən üçüncü şəxslər barədə informasiyaların hüquq sahibinə verilməsini cavabdehdən tələb etmək hüququna malikdir.

Məhkəmə pirat və ya kontrafakt məhsulları istehsal edən, saxlayan və yayan, o cümlədən onların satışını həyata keçirən şəxslərin adları və ünvanları, hazırlanan (istehsal edilən), göndərilən, qəbul edilən və ya sifariş olunan pirat və ya kontrafakt məhsulların kəmiyyəti və qiyməti, həmçinin belə malların yayılma kanalları haqqında informasiyaları tələb edə bilər.

Layihədə əqli mülkiyyət hüququnun sahibinə dəyən zərərin ödənilməsi barədə müddəalar da yer alıb. Hüquqpozmaya yol vermiş şəxsin əqli mülkiyyətdən qeyri-qanuni istifadə ilə bağlı hərəkətlərinin qanuna zidd olduğunu bilmədiyi halda da məhkəmə hüquq sahibinin çəkdiyi zərərin əvəzinin ödənilməsi barədə qərar qəbul etmək hüququna malikdir.

Məhkəmə zərəri müəyyən edərkən hüquq sahibinə məxsus olan əqli mülkiyyətdən qeyri-qanuni istifadə nəticəsində hüquqpozmaya yol vermiş şəxsin əldə etdiyi gəlirlər, hüquq sahibinin pozulmuş hüquqlarının bərpası üçün vəkilə ödədiyi haqq da daxil olmaqla çəkdiyi və çəkməli olduğu xərclər, hüquqları pozulmasaydı, hüquq sahibinin ona məxsus olan əqli mülkiyyəti qanuni istifadəyə verəcəyi təqdirdə əldə edəcəyi gəlirləri nəzərə almalıdır.

Məhkəmə hüquqpozmaya səbəb olan malların kompensasiya ödənilmədən ticarət şəbəkəsindən çıxarılması, malların hazırlanmasında (istehsalında) istifadə olunan materialların və avadanlıqların istifadəçidən götürülməsi, müsadirə və ya məhv edilməsi barədə qərar çıxarmaq hüququna malikdir.

Məhkəmə mülki iddianın təmin edilməsi məqsədilə təcili və səmərəli müvəqqəti tədbirlər barədə qərardad çıxarmaq hüququna malikdir.

Həmin tədbirlər əqli mülkiyyət hüquqlarının pozulmasına səbəb olan pirat və ya kontrafakt məhsulların hazırlanmasının (istehsal edilməsinin) və müxtəlif üsullarla yayılmasının qarşısını almaq, pirat və ya kontrafakt məhsulların ticarət şəbəkələrinə daxil edilməsinin qarşısını almaq, əqli mülkiyyət hüquqlarının ehtimal olunan pozuntularına aid sübutları qorumaq məqsədilə keçiriləcək.

Daha sonra Kamran İmanov ona ünvanlanmış sualları cavablandırıb. Deputatlar fikir bildirdikdən sonra layihə səsverməyə çıxarılaraq ilk oxunuşda qəbul olunub.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR