Azərbaycanda torpaq sahələrinin alınması ilə bağlı Mülki Məcəlləyə dəyişiklik edilir

Azərbaycanda torpaq sahələrinin alınması ilə bağlı Mülki Məcəlləyə dəyişiklik edilir
# 16 aprel 2012 13:14 (UTC +04:00)
Bakı. Pərvin Abbasov – APA. Azərbaycanda Mülki Məcəlləyə dəyişiklik edilir. APA-nın məlumatına görə, dövlət ehtiyacları tələb etdikdə, dövlət tərəfindən mülkiyyət yalnız qanunla nəzərdə tutulmuş hallarda dövlət əhəmiyyətli yolların və digər kommunikasiya xətlərinin çəkilməsi və quraşdırılması, sərhədboyu zolaqda dövlət sərhədinin etibarlı mühafizəsinin təmin edilməsi, müdafiə və təhlükəsizlik əhəmiyyətli obyektlərin tikilməsi, dövlət əhəmiyyətli dağ-mədən sənayesi obyektlərinin tikilməsi məqsədi ilə müvafiq icra hakimiyyəti orqanının qanunla müəyyən edilmiş qaydada qəbul edilən qərarı ilə alınır.

Məcəllənin 157.9-cu maddəsinə uyğun olaraq, torpaqların dövlət ehtiyacları üçün alınması haqqında qərar müvafiq icra hakimiyyəti orqanı tərəfindən qanunla müəyyən edilmiş qaydada qəbul edilir.

Dəyişikliyə əsasən, torpaq sahəsinin dövlət ehtiyacları üçün alınması haqqında müvafiq icra hakimiyyəti orqanının qərarı daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmalıdır. Torpaq sahəsinin alınması haqqında qərar qəbul etmiş icra hakimiyyəti orqanı bu barədə torpaq sahəsinin mülkiyyətçisinə yazılı bildiriş göndərməlidir. Qanuna uyğun olaraq, torpağın alqı-satqı müqaviləsi bağlandıqdan sonra alan orqan 90 təqvim günü ərzində aşağıdakıları həyata keçirir, həmçinin mülkiyyətçiyə torpağın dəyərini tam ödəyir; torpaqla bağlı hüquqların dövlətə verilməsi (keçməsi) üçün öz xərcləri hesabına lazımi tədbirləri görür; satılan torpaq mülkiyyətçinin, onun ailəsinin yaşayış yeri olduğu halda, torpağın dəyəri mülkiyyətçiyə tam ödənildikdən sonra qanuna uyğun olaraq, mülkiyyətçiyə torpağı boşaltmaqda və yeni yaşayış yerinə köçməkdə köməklik göstərir.

Məcəllənin 246-249-cu maddələrinin müddəaları dövlət ehtiyacları üçün alınan torpaq sahələri ilə yanaşı həmin torpaq sahələrində yerləşən və ya yerləşməyən və eyni məqsədlərlə alınan torpaq sahəsi ilə bağlı daşınmaz əmlaka (sututarlar, meşələr, çoxillik əkmələr, tikililər, qurğular və bu kimi digər obyektlər) da şamil edilir.

Dəyişikliyə görə, torpağın alınmasından imtina hesab edilən hallarda, imtina edilmiş alınmanın obyekti olan torpağın ən azı 3 il ərzində alınmasına təkrar başlanıla bilməz.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR