Azərbaycan prezidenti İlham Əliyev Dənizkənarı Milli Parkın yeni tikilən hissəsinin açılışında iştirak edib

Azərbaycan prezidenti İlham Əliyev Dənizkənarı Milli Parkın yeni tikilən hissəsinin açılışında iştirak edib
# 07 may 2012 18:58 (UTC +04:00)
Bakı-APA. Mayın 7-də Azərbaycan Respublikasının prezidenti İlham Əliyev və xanımı Mehriban Əliyeva Dənizkənarı Milli Parkın yeni tikilən hissəsinin açılışında iştirak ediblər.
Dövlət başçısı Dənizkənarı Milli Parkın yeni tikilən hissəsinin rəmzi açılışını bildirən lenti kəsdi.
Azərbaycan prezidenti və xanımı elektromobillərlə yeni bulvarın ərazisini gəzdilər, burada yaradılmış şəraitlə tanış olublar.
Dövlət başçısının Dənizkənarı Milli Parkın Dövlət Bayrağı Meydanına qədər uzadılması ilə bağlı tapşırıqları əsasında şəhərimizin sahil boyuna xüsusi yaraşıq verən və ümumi sahəsi 20 hektar, uzunluğu 1,8 kilometr olan yeni bulvar tikilib.
Məlumat verilib ki, üç növbədə aparılan yenidənqurma və abadlıq işləri nəticəsində ərazidə yaşıllıq zolağından avtomobil yolunadək uzanacaq daha bir xətt inşa olunub. Bu xətt bulvar ərazisində hərəkət edən avtomobillər, qatarlar, kiçik ölçülü gəzinti avtobusları üçün nəzərdə tutulub. Yeni ərazidə xüsusi xətt də salınmışdır ki, bu da velosiped sürənlərə maneəsiz hərəkət etmək imkanı verir. Ərazidə həm kölgəlik yaradan ağaclar, həm də xüsusi gözəlliyi olan nadir bitki nümunələri əkilmiş, müasir işıqlandırma sistemi qurulub. Yaxın gələcəkdə burada istirahət obyektləri, attraksionlar da quraşdırılacaq.
Diqqətə çatdırılıb ki, bulvarda uzunluğu 450 metr olan estakada dənizin içərilərinə doğru daha 100 metr uzadılıb. Gələcəkdə isə bulvarın uzunluğu 25 kilometrə çatdırılaraq, Zığ və Şıx çimərliklərini birləşdirərək böyük bir istirahət zonasına çevriləcək. Bulvarda taksi katerlər vasitəsilə Xəzərdə yerləşən adalara səyahət etmək də mümkün olacaq.
Prezident İlham Əliyev və xanımı Mehriban Əliyeva şəhər əhalisinin və Bakıya gələn qonaqların istifadəsi üçün nəzərdə tutulan gəzinti gəmilərində yaradılan şəraitlə də tanış olublar. Bildirilib ki, Dənizkənarı Milli Parkın genişləndirilməsi çərçivəsində əhalinin Xəzər dənizində gəzintisi də diqqət mərkəzində saxlanılıb və bu məqsədlə paytaxta 3 yeni gəmi gətirilib.
Dövlət başçısı yeni bulvar xətti boyunca salınan piyada keçidlərinə də baxıb.
Qeyd edək ki, prezident İlham Əliyev 2012-ci il aprelin 27-də Dənizkənarı Bulvarın genişləndirilməsi ilə bağlı əlavə tədbirlər haqqında növbəti Sərəncam imzalayıb.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR