Azərbaycanda Hökumət Ödəniş Portalı yaradılır

Azərbaycanda Hökumət Ödəniş Portalı yaradılır
# 26 sentyabr 2012 10:06 (UTC +04:00)
Bakı. Vahab Rzayev – APA-Economics. Azərbaycanda Kütləvi Ödənişlər üzrə Mərkəzləşdirilmiş İnformasiya Sisteminin (KÖMİS) bazasında Hökumət Ödəniş Portalı (HÖP) yaradılır. İKT İnformasiya Mərkəzindən «APA-Economics»ə verilən məlumata görə, «Hökumət Ödəniş Portalının Yaradılması Layihəsi» Azərbaycan Mərkəzi Bankının sifarişi ilə «CMA Small System» və «SINAM» şirkətləri tərəfindən həyata keçirilir.

HÖP-in yaradılmasının əsas məqsədi ölkə iqtisadiyyatında nağdsız ödənişlər dövriyyəsinin genişləndirilməsi, büdcə ödənişləri prosesinin sadələşdirilməsi, həmçinin «elektron hökumət»in yaradılması çərçivəsində reallaşdırılan layihələrin milli ödəniş sisteminin infrastrukturu ilə inteqrasiyasıdır. Sözügedən layihə çərçivəsində hazırkı KÖMİS sisteminin texniki platformasının təkmilləşdirilməsi, həmçinin ölkədə həyata keçirilən «elektron hökumət» konsepsiyası çərçivəsində yeni funksional imkanlarının yaradılması planlaşdırılır.

Qeyd edək ki, KÖMİS sistemi 2008-ci ildən fəaliyyət göstərir və hazırda kommunal ödənişlərin (elektrik enerjisi, qaz, su), yol hərəkət qaydalarının pozulmasına görə cərimələrin, sosial sığorta ödənişlərinin, həmçinin vergi ödənişlərinin qəbulunu həyata keçirir. Mərkəzi Bankın klirinq sistemi ilə inteqrasiya sayəsində ödənişlər real zaman rejimində həyata keçirilir. Sözügedən sistem vasitəsilə ödənişlər bütün sistemə qoşulmuş bank və «Azerpoçt» şöbələrində, həmçinin plastik bank kartları ilə bankomatlarda də qəbul olunur.

Sistem ödənişlərin arxivinə nəzər yetirmək və ödəniş qəbzlərini çap etməsini imkan verir. Burada həmçinin ödəniş qəbzlərinin vergi ödəyicisinin elektron ünvanına göndərilməsi funksiyası da mövcuddur.

Bu günə kimi KÖMİS sisteminə 58 qurum qoşulub ki, onlardan da 46-sı maliyyə təşkilatlarıdır. Onlar ümumi sayı 1,7 mindən çox olan filiallarında sözügedən xidmətlər üzrə ödənişləri qəbul edir. Sistemə 4 mln-dan çox abunəçi haqda məlumat yüklənib, qeydiyyatdan keçmiş istifadəçilərin sayı isə 65 minə çatıb. Hər ay sistem vasitəsilə orta hesabla 42 mln. manat məbləğində 2 mln-dan çox ödəniş həyata keçirilir. Statistikaya əsasən, sistemin işə başladığı vaxtdan 53 mln. ödəniş tranzaksiyası həyata keçirilib.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR