Bakıda iqlim dəyişikliyi risklərinə həsr olunmuş beynəlxalq seminar keçirilib

Bakıda iqlim dəyişikliyi risklərinə həsr olunmuş beynəlxalq seminar keçirilib
# 01 avqust 2012 16:53 (UTC +04:00)
Bakı. Rəşad Süleymanov-APA. Bakıda “Böyük Qafqaz regionunda zəif dağ icmaları tərəfindən, su və daşqınlar üzrə idarəetməyə iqlim dəyişikliyi risklərinin daxil edilməsi” layihəsi çərçivəsində beynəlxalq seminar keçirilib. Bu barədə APA Fövqəladə Hallar Nazirliyinin (FHN) saytına istinadən məlumat verib.

Seminarda fövqəladə hallar nazirinin müavini Faiq Tağızadə, BMT-nin Azərbaycandakı rezident-əlaqələndiricisinin müavini Nato Alxazişvili, BMT-nin İnkişaf Proqramının proqramlar rəhbəri Məzahir Əfəndiyev və başqaları çıxış ediblər.

Tədbirdə bildirilib ki, layihənin məqsədi su və daşqınlar üzrə idarəetməni təkmilləşdirmək, Azərbaycanın Böyük Qafqaz regionundakı dağ icmalarının iqlim dəyişikliyinin doğurduğu su çatışmazlığı və daşqın təhlükələrinə qarşı hazırlığını artırmaqdır. Layihə üçün təklif olunan ərazi Böyük Qafqaz dağlarının cənub yamacını əhatə etməklə bu regionun şimal-qərbindən, Balakən və Zaqatala rayonlarının ərazisində, İsmayıllı və Qəbələ rayonları yaxınlığında cənub-şərqə doğru uzanır. Layihə ümumilikdə 22 min kvadrat kilometrdən çox ərazini əhatə edir. Bütöv ərazi isə Azərbaycanın iki əsas çayından biri olan Kür çayı hövzəsinin bir hissəsidir.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR