Avropa Yenidənqurma və İnkişaf Bankı «Access Bank»a yeni kredit ayırıb

Avropa Yenidənqurma və İnkişaf Bankı «Access Bank»a yeni kredit ayırıb
# 07 avqust 2012 13:54 (UTC +04:00)
Bakı. Nicat Mustafayev – APA-Economics. Avropa Yenidənqurma və İnkişaf Bankı (AYİB) Azərbaycanda kiçik və orta sahibkarlığın maliyyələşdirilməsi üçün «Access Bank» QSC-yə əlavə kredit ayırıb. AYİB-dən «APA-Economics»ə verilən məlumata görə, kreditin ümumi həcmi 10 mln. ABŞ dolları təşkil edir.

«Access Bank» bu vəsaiti Azərbaycanın paytaxtı və bölgələrində kiçik və orta sahibkarlığın, əsasən də kənd təsərrüfatı sahəsində layihələrin maliyyələşdirilməsinə yönəldəcək. Bundan öncə – 2012-ci ilin aprel ayında AYİB «Access Bank»a kiçik və orta sahibkarlığın maliyyələşdirilməsi üçün 15 mln. dollarlıq kredit ayırıb.

Qeyd edək ki, hazırda «Access Bank»ın kredit portfelinin 90%-i AYİB-in payına düşür. Bu ilin birinci yarısında «Access Bank»ın kredit portfeli 15% artaraq ümumilikdə 436 mln. dollara çatıb.

Xatırladaq ki, «Access Bank» 2002-ci ilin oktyabr ayında Azərbaycan Mikromaliyyələşdirmə Bankı kimi fəaliyyətə başlayıb və 2008-ci ilin sentyabr ayında brendini dəyişib. Bankın səhmdarları sırasına AYİB, Beynəlxalq Maliyyə Korporasiyası, Qara Dəniz Ticarət və İnkişaf Bankı, Almaniya İnkişaf Bankı (hər biri 20%), «AccessHolding» (16,5%) və Almaniyanın «LFS Financial Systems GmbH.» (3,5%) şirkətləri daxildir.

Qeyd edək ki, Azərbaycan 1992-ci ildən AYİB-in üzvüdür. Bu günə kimi AYİB Azərbaycanda 120 layihənin icrası üçün 1,5 mlrd. dollardan artıq vəsait ayırıb. Bank əsas diqqətini dayanıqlı maliyyə sektorunun inkişaf etdirilməsi, mikro, kiçik və orta sahibkarlığın dəstəklənməsi və qeyri-neft özəl sektorunun inkişaf etdirilməsinə yetirir.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR