İstanbulda beynəlxalq sərgi və biznes forum keçirilir - REPORTAJ

İstanbulda beynəlxalq sərgi və biznes forum keçirilir - <font color=red>REPORTAJ</font>
# 11 oktyabr 2012 12:16 (UTC +04:00)
«APA-Economics»in İstanbula ezam olunmuş müxbiri xəbər verir ki, Türkiyənin İqtisadiyyat Nazirliyinin dəstəyi ilə keçirilən beynəlxalq sərgi «Öz biznesini İslam Dünyası ilə birləşdir» («Uniting Your Business with the Islamic World») şüarı altında keçirilir və İslam ölkələri arasında iqtisadi və biznes əlaqələrinin gücləndirilməsinə xidmət edir. Türkiyə mətbuatının son illərin en böyük biznes toplantılarından biri kimi qiymətləndirilən tədbirdə 86 ölkədən (Afrika və Avrasiya ölkələri) qatılan və iqtisadiyyatın bütün sahələrində çalışan 5 mindən artıq sahibkar bir-biri ilə və türk iş adamları ilə iş birliyi imkanlarını müzakirə edəcəklər. Eləcə də tədbirə 30-dan artıq beynəlxalq təşkilatın rəhbəri qatılıb.

XIV MÜSİAD Beynəlxalq Sərgisində iqtisadiyyatın bütün sektorları üzrə 735 şirkət iştirak edir. Bunlardan 565-i yerli, 125-i xarici, 45-i müştərək şirkətdir. Sərgidə Yaponiya, Hindistan, İngiltərə, Malayziya, Səudiyyə Ərəbistanı, Liviya, Tunis, Misir, Macarıstan, BƏƏ, Mərakeş, Almaniyanın milli stendləri quraşdırılıb.

Tədbirdə xarici və yerli iş adamları arasında biznes görüşlərin keçirilməsi və birgə layihələrin müzakirəsi nəzərdə tutulub. Qeyd edək ki, türk iş adamları təşkilatının inkişafla bağlı ciddi hədəfləri var. Bu hədəflərə əsasən, 2023-cü ildə Türkiyədən ixracın 500 mlrd. dollar həddinin keçməsi planlaşdırılır.

MÜSİAD prezidenti Nail Olpak bildirib ki, son bir ildə Türkiyənin Avropa ölkələri ilə ticarət əlaqələrinin həcmi aşağı düşsə də, İslam ölkələri ilə ticarət dövriyyəsi 32% artıb.

İstanbulun «CNR Expo Center»də kecirilən tədbirin açılış mərasiminə Türkiyənin baş naziri Rəcəb Tayyib Ərdoğan da qatılıb. Baş nazir çıxışında bildirib ki, sərginin həcminin böyüməsi və burada iştirakçıların sayının artması digər məsələlərlə bağlı İslam dünyası və müsəlman ölkələri arasında biznes münasibətlərin necə sürətlə inkişaf etdiyinin göstəricisidir. Amma müsəlman ölkələri arasında ticarətin hələ də həddən artıq az olduğunu bildirən Ərdoğan bu tədbiri «bütün dünyadakı müsəlman iş adamlarını birləşdirmək üçün mühüm addımlardan biri» kimi qiymətləndirib. İslam Təşkilatı ölkələri arasında ticarət dövriyyəsinin həcmi 36 mlrd. dollardan 147 mlrd. dollara çatdırılacaq. Türkiyənin iqtisadi inkişafına toxunan baş nazir bildirib ki, ötən il ölkədə 8,5%-lik iqtisadi artım olub, bu il isə 3% gözlənilir və bu, Çinlə birlikdə ən yüksək iqtisadi artım tempidir.

«Dünyanın ən mühüm və sürətlə inkişaf edən iqtisadi mərkəzləri İstanbuldan 3-4 saatlıq təyyarə uçuşu məsafəsində yerləşir. İndi getdikcə daha çox beynəlxalq təşkilatlar və şirkətlər İstanbulda nümayəndəliklər açır, Qərb şirkətləri Türkiyə ilə əməkdaşlığa çalışır», - deyə R.T.Ərdoğan bildirib.

Qeyd edək ki, tədbirin təşkilatçıları maraqlı texnoloji yeniliklərdən istifadə ediblər. Belə ki, tədbirə qatılan iş adamları uyğun sahələrdə fəaliyyət göstərən tərəfdaşları və onların sərgidəki yerlərini tapmaq üçün «Android» və «Iphone» üçün yazılmış proqramlardan istifadə edə biləcəklər.

MÜSİAD-in tədbirində iş adamları təkcə İstanbulda olmayacaq. Sektor və bölgələrə görə, seçiləcək xarici iş adamları danışıqlar aparmaq üçün ölkənin fərqli bölgələrinə göndəriləcək. Xarici sahibkarlar Bursa, Kayseri, Konya, Kocaeli və Sakaryaya səfər edəcəklər.

Xatırladaq ki, 1990-cı ildə yaradılan MÜSİAD-in 5500 üzvü var. Təşkilatın əhatə etdiyi şirkətlərin ümumilikdə Türkiyə iqtisadiyyatının (ÜDM) 18%-ni təşkil edir. Təşkilatın üzvləri 17 mlrd. dollarlıq mal və məhsul ixrac edir, 1,2 mln. nəfəri işlə təmin edir. Təşkilatın 47 ölkədə təmsilçiliyi var.

Tədbirdə Türkiyə rəsmiləri ilə yanaşı Mərakeşin baş naziri Abdelillah Benkirane, Misirin iqtisadiyyat naziri Osama Saleh, Malayziyanın ticarət və sənaye naziri Datu Şri Mustafa Mühəmməd və İslam İnkışaf Bankının direktoru Mühəmməd Əli də iştirak edir.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR