AMEA Geologiya İnstitutu Ukrayna MEA-nın Dəniz Geologiyası və Çöküntü-Filiz Əmələgəlməsi Bölməsi ilə əməkdaşlıq müqaviləsi imzalayıb

AMEA Geologiya İnstitutu Ukrayna MEA-nın Dəniz Geologiyası və Çöküntü-Filiz Əmələgəlməsi Bölməsi ilə əməkdaşlıq müqaviləsi imzalayıb
# 01 noyabr 2012 11:49 (UTC +04:00)
Bakı. Kəmalə Quliyeva - APA. Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Geologiya İnstitutu Ukrayna Milli Elmlər Akademiyasının (UMEA) Dəniz Geologiyası və Çöküntü-Filiz Əmələgəlməsi Bölməsi ilə əməkdaşlıq müqaviləsi imzalayıb.

Geologiya İnstitutunun mətbuat xidmətindən APA-ya verilən xəbərə görə, sənəddə palçıq vulkanizmi, neft-qazlılıq, petrologiya, geodinamika, hidrogeologiya və digər sahələrdə birgə tədqiqatlar aparmaq, həmçinin təcrübə mübadiləsi qurmaq nəzərdə tutulur. Müqavilə AMEA-nın vitse-prezidenti, Geologiya İnstitutunun direktoru akademik Akif Əlizadə və Ukraynadakı qurumun rəhbəri akademik Yevgeniy Şnyukov tərəfindən imzalanıb.

Müqavilədə 2013-cü ildə qarşılıqlı işgüzar səfərlərin həyata keçirilməsi nəzərdə tutulur. Səfərlər zamanı alimlər qarşı tərəfin elmi nailiyyətləri ilə tanış olacaq və şərikli elmi ekspedisiyalarda iştirak edəcəklər.

Akademik Akif Əlizadə qeyd edib ki, sözügedən sənəd 2011-ci ildə Rusiya Elmlər Akademiyası Geologiya İnstitutu ilə əldə olunmuş razılaşmadan sonra institutun MDB çərçivəsində imzaladığı ikinci müqavilədir.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR