Ştefan Füle: ““Şərq tərəfdaşlığı” ölkələrində media azadlığının təmin olunması Avropa Birliyi və Avropa Parlamentinin prinsipidir” - FOTO

Ştefan Füle: ““Şərq tərəfdaşlığı” ölkələrində media azadlığının təmin olunması Avropa Birliyi və Avropa Parlamentinin prinsipidir” - <font color=red>FOTO</font>
# 07 iyun 2012 12:52 (UTC +04:00)
Bakı. Rəşad Süleymanov - APA. Avropa Parlamentində (AP) Avropa Komissiyasının təşkilatçılığı ilə “Rusiya və “Şərq tərəfdaşlığı” ölkələrində xəbər mediasının vəziyyəti” mövzusunda seminar davam etdirilib. Seminarda “APA-Group”un baş direktoru Vüsalə Mahirqızı, “Ayna-Zerkalo” qəzetinin baş redaktoru Elçin Şıxlı, BDU-nun professoru Qulu Məhərrəmli, "Multimedia" İnformasiya Sistemləri Texnologiyaları Mərkəzinin direktoru Osman Gündüz, “Yeni Nəsil” Jurnalistlər Birliyinin sədr müavini Nailə Əliyeva və “Azadlıq” radiosunun əməkdaşı Ülkər Akifqızından ibarət Azərbaycan nümayəndə heyəti də iştirak edir.

APA-nın məlumatına görə, seminar çərçivəsində bu gün “Rusiya və “Şərq tərəfdaşlığı” ölkələrində media azadlığının vəziyyəti” adlı paneldə maraqlı diskussiyalar olub.

Diskussiyalarda qeyd olunub ki, Avronest PA-nın Bakıda keçirilən son sessiyasında əsas müzakirə mövzulardan biri media azadlığı məsələsi olub. “Şərq tərəfdaşlığı”na qoşulmuş ölkələrdə bu sahədə ciddi problemlər olduğu üçün daimi debatlara ehtiyac var.

Paneldə çıxış edənlərin əksəriyyəti tərəfdaşlıq ölkələrindən Belarusda vəziyyətin daha gərgin olduğunu deyib. Azərbaycan, Ermənistan, Moldova və Ukraynada da söz azadlığının vəziyyəti ilə bağlı fikirlər səsləndirilib.

Müzakirələrdə iştirak edən Avropa Parlamentinin xarici əlaqələr komitəsinin üzvü Helmut Şolz çıxışında bildirib ki, “Şərq tərəfdaşlığı” ölkələrindən əvvəl AB daxilində baş verənlərə münasibət bildirmək daha doğru olardı. O, bu kontekstdə İtaliya və Macarıstanda media ilə əlaqədar baş verənlərə diqqət yönəldib: “Əslində jurnalistlərin istədiyi azad media məkanı heç yerdə yoxdur. İndiki halda “Şərq tərəfdaşlığı” ölkələrinin müzakirəyə çıxarılması, ən çox da bu ölkələrdə media azadlığı, vətəndaş cəmiyyətinin inkişafına dəstək verilməsi daha çox Avropa institutlarının həmin ölkələri öz tərəfdaşları sırasında görmək istəməsi ilə bağlıdır”.

«Sərhədsiz Reportyorlar» təşkilatının Avropa və Mərkəzi Asiya ofisinin başçısı Yohann Bihr isə çıxışında Azərbaycan, Ermənistan və Gürcüstan mediası barədə daha çox danışıb, həmçinin Moldova, Ukrayna və Belarusdakı vəziyyətlə bağlı tənqidi fikirlərini bildirib. Azərbaycanla bağlı çıxışında isə o, müxalifət yönümlü internet resurslarının tez-tez dağıdılması məsələsinə toxunub, bunu internet azadlığının məhdudlaşdırılması kimi qiymətləndirib.

Avropa Parlamentinin AB-Rusiya parlamentlərarası əməkdaşlıq komitəsinin üzvü Marek Henrik Migalski isə çıxışında daha çox Rusiyada söz azadlığının vəziyyəti, orada jurnalistlərin üzləşdiyi problemlərdən danışıb. O, Moldova və Ukraynada vəziyyətin daha pis, Belarusda isə daha kəskin olduğunu qeyd edib. Qafqaz regionuna toxunan Migalski bildirib ki, Azərbaycan və Ermənistanla müqayisədə Gürcüstanda medianın vəziyyəti daha yaxşıdır. Lakin Gürcüstan nümayəndə heyətinin üzvlərindən biri Migalskinin çıxışına etiraz edib. O bildirib ki, Gürcüstanda medianın qarşısını almaq üçün daha fərqli vasitələrdən istifadə olunur: İnformasiyalar verilmir, ictimaiyyətin dövlət orqanlarından xəbər alması üçün «şəffaf təşkilatlar» yaradılıb və o təşkilatlar demək olar ki, informasiya vermir. Jurnalistlər öldürülməsə də, təzyiqlə qarşılaşmasa da, onların marginallaşdırılması prosesi gedir. Gürcüstanda jurnalistlər faktları əldə edə bilmirlər. Gürcü jurnalist qeyd edib ki, bu il iki fotoqrafı Rusiyaya casusluğa görə həbs ediblər. Gürcüstanda parlament seçkiləri yaxınlaşır, hazırda videokameralar bəzi tədbirlərə buraxılmır. Qeyd olunub ki, Migalskinin Gürcüstanla bağlı söylədikləri qətiyyən həqiqəti əks etdirmir. Seçki dövründə müxalifətin televiziyalara çıxışına problemlər yaradılır. Vəziyyətə nəzarət tamamilə hökumətin əlindədir.

Gürcü jurnalistə cavab olaraq Migalski bildirib ki, ola bilsin bu müxalifətçi jurnalistin və müxalifətin fikridir, lakin o öz fikrində qalır.

Ukraynadan olan jurnalistlər çıxışlarında bildiriblər ki, ölkələrində real müxalifətə qarşı alternativ müxalifət qüvvələri meydana çıxarılır. Alternativ fikirli müxalifətçilərin televiziyalara çıxarılmasına imkan verilmir. Televiziyalara ancaq konstruktiv müxalifət buraxılır.

Azərbaycan Jurnalistlər Birliyinin sədri Elçin Şıxlı isə qeyd edib ki, postsovet məkanında ölkələrin hamısında medianın inkişafı ilə bağlı vəziyyət bir birinə oxşayır. Azərbaycan mediasının iqtisadi vəziyyətindən danışan E. Şıxlı bildirib ki, ölkədə reklam bazarı çox aşağı səviyyədədir. Getdikcə çap mediasının vəziyyəti reklam baxımından pisləşməyə gedir. Media strukturları bununla bağlı çıxış yolları axtarır: “İqtisadi müstəqillik olmadan siyasi müstəqillikdən söhbət gedə bilməz”.

Ölkədə internetin vəziyyəti barədə danışan E. Şıxlı deyib ki, internetə maneə yoxdur. «İnformasiya əldə etmək haqqında» qanuna ediləcək dəyişiklikləri tənqid edən E. Şıxlı bildirib ki, bu dəyişikliklər informasiya əldə edilməsini məhdudlaşdıra bilər.

Tədbirdə çıxış edən O. Gündüz bildirib ki, Azərbaycanda informasiya təhlükəsizliyi ilə bağlı texniki problemlər var. O, bu istiqamətdə peşəkarlıq probleminin olduğunu da bildirib.

Müzakirələr qoşulan AB-nin Genişlənmə və Avropa qonşuluq siyasəti üzrə komissarı Ştefan Füle isə çıxışında daha çox Belarus və Moldova ilə bağlı məsələ üzərində dayanıb. Füle qeyd edib ki, “Şərq tərəfdaşlığı” ölkələrində media azadlığının təmin olunması AB və AP-nin prinsipidir. Onlar Avropanın bu dəyərlərinin “Şərq tərəfdaşlığı” ölkələrinə daha tez inteqrasiya olunmasına çalışır, bunun üçün kömək edə biləcəklərini deyirlər.

Moldovada daha çox informasiya texnologiyaları (İT) lisenziyalarının verilməsi ilə bağlı məsələnin qanuniləşdirilməsinin ciddi narahatlıq doğurduğunu deyən Ş. Füle bildirib ki, artıq Moldova hökuməti İT lisenziyalarının verilməsi və internet haqqında qanun hazırlamaqla məşğuldur. O qeyd edib ki, Gürcüstanda da yeni media haqqında qanun hazırlanır. Rusiyanın jurnalistlər üçün təhlükəli ölkə olaraq qaldığını deyən Ş. Füle Ukraynadakı vəziyyət barədə də danışıb, bildirib ki, bu ölkədə azad media və jurnalistlərlə bağlı ciddi problemlər var. O, İT lisenziyaları məsələsi çox ciddi olduğuna görə, bununla əlaqədar Kişinyovda danışıqlar apardığını diqqətə çatdırıb.

Ş. Füle Azərbaycanla bağlı da fikrilərini bildirib. Azərbaycanda jurnalistin şantaj olunması məsələsindən danışan Ş. Füle «Diffamasiya haqqında» qanunun qəbul olunmamasından da narahatlığını ifadə edib.

APA-nın baş direktoru Vüsalə Mahirqızı isə çıxışında Moldovada internetin lisenziyalaşdırılması ilə bağlı məsələyə toxunub. Bunun ciddi məsələ olduğunu deyən V. Mahirqızı qeyd edib ki, Avropa Parlamenti və Avropa Komissiyası bu problemin qarşısını almağa çalışmalıdır: “Azərbaycanda da bu məsələ ilə bağlı bir müddət müzakirələr gedib və bitib. Hökumət bəyan edib ki, internetin azad olmasının tərəfdarıdır. Lakin internetin bir ölkədə lisenziyalaşdırılması digər ölkələrdə də eyni prosesi stimullaşdıra bilər. Buna görə məsələ ciddi diqqətdə saxlanılmalıdır”.

«İnformasiya əldə etmək haqqında» qanuna edilmiş dəyişikliklərlə bağlı danışan V. Mahirqızı qeyd edib ki, bu dəyişikliklər uzun müzakirələrdən sonra qəbul edilib: “Bu qanun Venesiya Komissiyasının tövsiyələri və ATƏT-in iştirakı ilə keçirilən ciddi debatlardan sonra qəbul olunub. Qanun kifayət qədər demokratikdir və işləmək üçün əsas yaradır”.

V. Mahirqızı yeni dəyişikliklərlə əlaqədar hazırda vətəndaş cəmiyyəti və mediada müzakirələrin getdiyini deyib. O qeyd edib ki, parlamentarilər qanuna dəyişiklərin edilməsini Avropa ölkələrində də eyni xarakterli qanunlarda da bu cür dəyişiklər edilməsi ilə əsaslandırılar.

İnternet təhlükəsizliyi barədə danışan APA-nın baş direktoru «Sərhədsiz Reportyorlar» təşkilatının nümayəndəsinin fikirlərinə münasibət bildirib. O qeyd edib ki, Azərbaycanda internet çox sürətlə inkişaf edir və internet mediaya hazırkı şəraitdə reklam axını çoxdur. Lakin informasiya, xüsusilə internet resurslarının texniki təhlükəsizliyi ilə bağlı problemlər var: “Mən bu problemlərin internet resurslarının siyasi mövqeyi ilə bağlı olduğunu düşünmürəm. Cəmi bir neçə ay öncə ölkədə bir neçə saat içində bir neçə dövlət qurumunun internet resursu da dağıdılmışdı. Bu faktın hökumətlə bağlı olduğunu hər halda düşünmək mümkün deyil. Məsələ yeni İT-nin tətbiqi ilə bağlıdır. Ölkədə yeni data mərkəzlərin qurmasına ehtiyac var. Hazırda bu sahədə iş gedir. Avropa Komissiyasının nümayəndələri də burada “Şərq tərəfdaşlığı” ölkələrində online-medianın inkişafı üçün qrantların ayrılacağını bildirdilər. Məncə, gələcəkdə bu ölkələrdə texniki təminatın gücləndirilməsi üçün qrantlar ayrılması yaxşı dəstək olardı”.

Yenidən müzakirələrə qatılan Ş. Füle bildirib ki, “Şərq tərəfdaşlığı” layihəsi buraya daxil olan ölkələrdə insan hüquqları, söz və mətbuat azadlığını müdafiə edəcək: “Mən bəzən söz-söhbətlər eşidirəm ki, niyə Avropa Birliyi yalnız bəyanatlarla kifayətlənir və kəskin mövqe nümayiş etdirmir? Ancaq bu tərəfdaşlıq qarşılıqlıdır. Bu tərəfdaşlığın bir tərəfi biziksə, digər tərəfi “Şərq tərəfdaşlığı”na daxil olan ölkələrin hökumətləridir. Ona görə də “Şərq tərəfdaşlığı” üzrə əsas prinsiplərə riayət etməklə yalnız bu sahədə tövsiyələr vermək olar. İnanırıq ki, bu ölkələr “Şərq tərəfdaşlığı”na qoşulan zaman üzərlərinə götürdükləri öhdəlikləri yerinə yetirəcəklər. O ölkələrin hökumətlərində də anlayırlar ki, bu öhdəliklərin yerinə yetirilməsi, vətəndaş cəmiyyətinin qurulması və media azadlığının təmin olunması həmin ölkələri addım-addım AB-yə yaxınlaşdırır. Biz bu ölkələrin hər birində aparılan islahatları dəstəkləyirik».

Ş. Füle bildirib ki, bəzi hallarda media azadlığı ilə bağlı ortaya çıxan problemlər jurnalistlərin peşəkarlıq problemləri ilə bağlı olur. Bəzi məsələlər var ki, jurnalistlər qeyri-peşəkarlıq göstərirlər: “Bütün məsələlər araşdırmalı və elə olmalıdır ki, onun söz azadlığına qarşı olduğu sübuta yetirilə bilsin. Hər elementi, kiçik bir insidenti söz azadlığına qarşı yönəlmiş məsələ kimi qiymətləndirmək olmaz”.

Ş. Füle Azərbaycanla bağlı da danışıb: «Evrovisionun Bakıda keçirilməsi ilə bağlı qərardan sonra Azərbaycan hökumətinə bildirdik ki, həmin müddətdə bütün diqqət Azərbaycana yönələcək. Azərbaycanın bu müddət ərzində açıq və demokratik ölkə olmasını dünyaya göstərmək şansı var. Mən bir sıra yazıları oxumuşam, jurnalistlərlə danışmışam. Ölkədə müəyyən problemlər var. Lakin AP Azərbaycan hökuməti ilə debatları davam etdirməyə çalışır».

Ötən gün Moldovanın paytaxtı Kşinyov şəhərində olduğunu deyən S. Füle bildirib ki, orada şərq tərəfdaşlığına daxil olan 6 ölkənin nümayəndələri ilə görüşərək müzakirələr aparıb: «AP-nin qəbul etdiyi axırıncı qətnamədən sonra belə bir müzakirəni aparmağa ehtiyac duydum. Biz tərəfdaş ölkələrin nümayəndələrini dəvət etmişdik. Azərbaycanı isə Moldovadakı səfiri təmsil edirdi».

Füle həmçinin vurğulayıb ki, gələn həftə Strasburqda AŞ və AP bir yerdə Azərbaycan hökuməti ilə müzakirələr keçirəcək. Debatların ümidverici olacağını gözlədiklərini deyən Ş. Füle bildirib ki, bu danışıqlarda əsasən Avropa institutları ilə əməkdaşlığın Azərbaycan hökuməti üçün səmərəli olduğuna dair müzakirələr aparılacaq”.

Ş. Füle onu da əlavə edib ki, Avropa Komissiyası internetə çıxışın məhdudlaşdırılmasının qarşısının alınması ilə bağlı proqram hazırlayıb. Bu proqram sosial şəbəkələrin, yeni medianın inkişafına dəstək verəcək.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR