Azərbaycan əhalisinin milli valyutaya inamı artıb - TƏHLİL

Azərbaycan əhalisinin milli valyutaya inamı artıb -<font color=red> TƏHLİL</font>
# 18 oktyabr 2012 12:54 (UTC +04:00)
Bakı. Vahab Rzayev – APA-Economics. Azərbaycanda fəaliyyət göstərən kommersiya banklarında yerləşdirilən əmanətlərin strukturunda manat əmanətlərinin xüsusi çəkisi son bir ildə 6,5 faiz bəndi artaraq 2012-ci il sentyabrın 1-nə 56,7%-ə çatıb. «APA-Economics»in Mərkəzi Bankın statistik göstəriciləri əsasında apardığı hesablamalara görə, ilin əvvəlindən həmin göstərici 1,3 faiz bəndi artıb.

Sentyabrın 1-nə əmanətlərin məcmu həcmi 4 462,6 mln. manata bərabər olub ki, bunun da 2 531,3 mln. manatı milli valyutada olan əmanətlərin payına düşür. Öz növbəsində bunun 721,7 mln. manatı tələb olunanadək, 1 809,6 mln. manatı isə müddətli əmanətlər olub. Təhlil göstərir ki, tələb olunanadək manat əmanətlərinin həcmi son bir ildə 160,4 mln. manat və ya 28,6%, müddətli əmanətlərin həcmi isə 533,2 mln. manat və ya 41,8% artıb. Beləliklə, əhali öz əmanət əməliyyatlarında, xüsusən də əməliyyatların uzunmüddətli olması baxımından manata etibarını artırıb.

Müqayisə üçün bildirək ki, müddətli valyuta əmanətlərinin həcmi son bir ildə cəmi 89,2 mln. manat və ya 5,5% artıb. Bu göstərici də əhalinin daha çox manat əmanətlərinə üstünlük verdiyini təsdiqləyir.

Qeyd edək ki, əhalinin bank əmanətləri üzrə milli valyutaya üstünlük verməsi makroiqtisadi baxımdan çox əhəmiyyətli və müsbət göstəricidir. Azərbaycanda bunun əsas səbəbi manatın son bir neçə il ərzində sabit qalması, hətta son zamanlar, o cümlədən, 2011-ci və 2012-ci illərdə dollara qarşı möhkəmlənməsi ilə bağlıdır.

Xatırladaq ki, 2011-ci ildə manat dollara qarşı 1,4%, bu ilin 9 ayı ərzində 0,2% möhkəmlənib. Bu şəraitdə dollar əmanətləri və ümumiyyətlə dollarda olan pul yığımları manat ifadəsində dəyərsizləşir və bu səbəbdən yığımların manatda saxlanması daha əlverişli və valyuta riskləri baxımından təhlükəsizdir. Müddətli əmanətlərin də daha çox manatda olması isə əhalinin orta və uzunmüddətli perspektivdə milli valyutanın sabitliyinə inanının göstəricisidir.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR