İctimai Palata siyasi məhbus mövzusunda dəyirmi masa keçirib

İctimai Palata siyasi məhbus mövzusunda dəyirmi masa keçirib
# 10 iyul 2012 12:58 (UTC +04:00)
Bakı. Ramil Məmmədli – APA. İctimai Palata siyasi məhbus problemi və Avropa Şurası Parlament Assambleyasının Hüquq komitəsində Azərbaycanda siyasi məhbus probleminə dair qəbul olunan qətnamə ilə əlaqədar dəyirmi masa keçirilib. APA-nın məlumatına görə, politoloqların, vəkillərin, hüquq müdafiəçilərinin iştirak etdiyi tədbiri İctimai Palatanın Koordinasiya Şurasının üzvü Vidadi Mirkamal aparıb.

Müsavat Partiyasının başqanı İsa Qəmbər çıxışında siyasi məhbus probleminin həll olunmadığını deyib və hüquq-müdafiə təşkilatlarını beynəlxalq həmkarları ilə əməkdaşlığı artırmağa çağırıb.

Sülh və Demokratiya İnstitutunun direktoru Leyla Yunus siyasi məhbusların vahid siyahısının müəyyənləşdirilməsinin vacibliyini vurğulayıb. O təklif edib ki, tədbirdə AŞPA-nin siyasi məhbuslar üzrə məruzəçisi Kristof Ştrasserin tərtib etdiyi siyahının dəstəklənməsinə dair sənəd qəbul olunsun və ona təşəkkür bildirilsin.

İnsan Haqları Uğrunda İctimai Birliyin sədri Eynulla Fətullayev isə qeyd edib ki, siyasi məhbuslarla bağlı vahid siyahı mövcuddur və K. Ştrasserin tərtib etdiyi siyahı Azərbaycandakı hüquq müdafiəçilərinin həmin quruma göndərdiyi siyahıya uyğun hazırlanıb. O, beynəlxalq təşkilatların yaxın vaxtlarda Azərbaycanda siyasi məhbuslarla bağlı vahid siyahını müəyyənləşdirəcəyini söyləyib: “Vətəndaş cəmiyyəti bu məsələdə mübahisələrə getməməli və birlik nümayiş etdirməlidir”.

Professor Cəmil Həsənli “Tolişi sədo” qəzetinin baş redaktoru Hilal Məmmədovun həbsinə toxunub, onun müdafiəsinin təşkilinin vacibliyini diqqətə çatdırıb.

Müsavat Partiyası Mərkəzi İcra Aparatının rəhbəri Arif Hacılı bəyan edib ki, həbsdə olan insanların müdafiəsi kampaniya xarakteri daşımamalıdır: “Avropa Şurası haqqında müsbət sözlər demək olmaz. Azadlığa çıxsaq da, Avropa Şurası bu məsələni hələ müzakirəyə çıxarmayıb. Hətta bu qurumun nümayəndələri tərəfindən məsələyə mübahisəli cavablar verilir. Belə olan təqdirdə ədalət prinsipi pozulur. Avropa Şurasının bu sahədə işi ləngdir və yarıtmazdır”.

AXCP sədrinin müavini Sahib Kərimov deyib ki, həbsdən azad olunmaları vəziyyətin dəyişməsi ilə nəticələnməyib. O, ədalətsiz qərarlarla həbsdə olan şəxslərin hüquqlarının müdafiəsinin təmin olunmasında təşkilatlanmanın vacibliyini qeyd edib.

Azərbaycan Hüquqçular Assosiasiyasının prezidenti Ənnağı Hacıbəyli hüquq müdafiəçiləri arasında olan qarşıdurmanın vicdan məhbuslarının hüquqlarının qorunması prosesinə mənfi təsir göstərdiyini açıqlayıb.

İctimai Palatanın Koordinasiya Şurasının üzvü Pənah Hüseyn hökuməti demokratik islahatlara çağırıb.

İctimai Palatanın Koordinasiya Şurasının üzvü, AXCP sədri Əli Kərimli bildirib ki, siyasi məhbus problemi İP üçün əsas məsələ olaraq qalır. Onun sözlərinə görə, 2011-ci ilin aprelində keçirilən aksiyalarda tutulan məhbuslarının bir qismi hələ də həbsdədir: “Həbsdə olan dostlarımıza da diqqət olmalıdır”.

Sonda dəyirmi masa iştirakçıları adından bəyanat qəbul olunub.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR