Azərbaycan mütəxəssisləri Diyarbəkir aeroportunun ərazisində mina təmizləmə əməliyyatları aparır

Azərbaycan mütəxəssisləri Diyarbəkir aeroportunun ərazisində mina təmizləmə əməliyyatları aparır
# 15 iyun 2012 10:08 (UTC +04:00)
Bakı. Rəşad Süleymanov – APA. Azərbaycan Ərazilərinin Minalardan Təmizlənməsi üzrə Milli Agentlik (ANAMA) Türkiyənin Diyarbəkir şəhərində hava limanının genişləndirilməsi üçün ayrılan sahədə təmizləmə əməliyyatları aparır. Bu barədə APA-ya ANAMA-nın baş əməliyyat mütəxəssisi Adil Aslanov məlumat verib.

A. Aslanovun sözlərinə görə, təmizləmə əməliyyatına mayın 18-də başlanıb. Vaxtilə hərbi aerodromun poliqonu olmuş ərazi təmizləndikdən sonra orada hava limanının yeni terminalı tikiləcək. Hazırda ərazidə ANAMA-nın 22 mütəxəssisi çalışır.

Təmizlənməyə açılmış ərazi 610 min kvadratmetr təşkil edir. Bu günədək oradan 16 ədəd Mk.6 tipli reaktiv raket, həmçinin Mk.82 tipli aviabomba, ümumilikdə 3500-dək müxtəlif çaplı sursat, tərkibində ağ fosfor olan Mk.76 tipli aviasiya bombaları aşkarlanıb.

«Bu sursatların 80 faizə qədəri təlim məqsədli olsa da, tərkibində müəyyən qədər partlayıcı mövcuddur. Amma orada döyüş təyinatlı sursatlarla da rastlaşmaq mümkündür», - deyə ANAMA nümayəndəsi vurğulayıb.

A. Aslanov bildirib ki, ərazidən çıxarılması mümkün olmayan 10-dək sursatın iyunun 18-də yerində partladılaraq zərərsizləşdirilməsi planlaşdırılır.

ANAMA mütəxəssisinin sözlərinə görə, ərazi metalla həddən çox çirkləndiyindən orada təmizləmə əməliyyatı aparmaq çətindir. Buna baxmayaraq, ANAMA-nın mütəxəssisləri müasir texnologiyaları tətbiq etməklə, avqust ayınadək işləri başa çatdırmağı planlaşdırır.

Ordu

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR