Azərbaycanda Mərkəzləşdirilmiş Kredit Reyestrinə müraciətlərin sayı 61% artıb

Azərbaycanda Mərkəzləşdirilmiş Kredit Reyestrinə müraciətlərin sayı 61% artıb
# 29 avqust 2012 14:41 (UTC +04:00)
Bakı. Əli Əhmədov – APA-Economics. Bu ilin yanvar-iyun ayları ərzində Azərbaycan Mərkəzi Bankı (AMB) yanında Mərkəzləşdirilmiş Kredit Reyestrinin (MKR) xidmətlərindən 41 bank və 24 bank olmayan kredit təşkilatı (BOKT) istifadə edib.

Reyestrdən «APA-Economics»ə verilən məlumata görə, bank olmayan kredit təşkilatlarının MKR-ə qoşulması prosesi 2012-ci ilin II rübü ərzində də davam edib və müvafiq lisenziyaya malik 27 BOKT-dən 24-nün MKR-ə inteqrasiyası təmin edilib.

Dövrün sonuna BOKT-lərin məcmu kredit portfelinin 99%-i reyestrin məlumat bazasında qeydə alınıb: «Digər BOKT-lərın isə MKR-ə qoşulması üzrə müvafiq işlər davam etdirilir».

Yanvar-iyun aylarında reyestrə 380 150, o cümlədən bank olmayan kredit təşkilatları tərəfindən 19 392 sorğu daxil olub. Ötən ilin eyni dövrü ilə müqayisədə MKR-ə edilən sorğuların sayı 61%, II rübdə BOKT-lar tərəfindən verilən sorğuların sayı isə I rübə nisbətən 2,6 dəfə artıb.

Bununla yanaşı, kredit tarixçəsi ilə maraqlanan ölkə vətəndaşlarının sayı getdikcə artmaqdadır. Bu ilin II rübündə öz kredit hesabatını əldə etmək üçün MKR-ə 904 şəxs müraciət edib ki, bu müraciətlərin 363-ü araşdırma məqsədi daşıyır.

Hesabat dövründə MKR-də haqqında məlumat toplanan borcalanların sayı 1 331 888-ə, kredit məlumatlarının sayı isə 3 449 286-ya çatıb. Reyestrdə qeydiyyata alınan zaminlərin sayı isə 481 054 nəfər olub.

Xatırladaq ki, 2005-ci ildə fəaliyyətə başlayan MKR-ə 2005-ci ildə 319, 2006-cı ildə 5 302, 2007-ci ildə 12 966, 2008-ci ildə 13 260, 2009-cu ildə 74 393, 2010-cu ildə 257 045, 2011-ci ildə 503 163 sorğu göndərilib.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR