Azərbaycan yeni Neft-Qaz Emalı və Neft-Kimya Kompleksinə həsr olunmuş forum keçirəcək

Azərbaycan yeni Neft-Qaz Emalı və Neft-Kimya Kompleksinə həsr olunmuş forum keçirəcək
# 15 fevral 2012 14:03 (UTC +04:00)
ARDNŞ-dan «APA-Economics»ə verilən məlumata görə, NQNK layihəsi kimi irimiqyaslı layihələrin reallaşdırılması zamanı layihənin təbliği, dünyada tanınmış beynəlxalq lisenziar, tikinti, mühəndislik, təchizat, logistika, ekologiya şirkətlərinin və maliyyə təşkilatlarının layihə barədə məlumatlandırılması, habelə həmin şirkətlərin layihə üzrə müvafiq işlərə cəlb olunması, yerli və xarici şirkətlər, təşkilatlarla müvafiq işgüzar əlaqələrin qurulması müstəsna əhəmiyyət kəsb edir. Bu işlərin reallaşdırılması məqsədilə ARDNŞ-nın təşkilati dəstəyi və baş sponsorluğu Bakıda sözügedən NQNK layihəsinə həsr olunmuş xüsusi «ARDNŞ NQNK Forumu» («SOCAR OGPC Forum») keçiriləcək. Forum «Iteca Caspian» və «INBC Consulting» şirkətləri tərəfindən təşkil olunacaq.

Forum çərçivəsində Azərbaycanın neft-qaz emalı və neft-kimya tarixi, mövcud vəziyyəti və yeni neft-qaz emalı və neft-kimya kompleksinin tikintisi ilə bağlı məsələlər müzakirə ediləcək. Tədbirin ilk iki günündə ARDNŞ və iştirakçıların təqdimatlarının dinlənilməsi, 3-cü günü isə ARDNŞ-ın müxtəlif şirkətlər ilə ikitərəfli görüşlərin keçirməsi nəzərdə tutulur. Layihənin reallaşdırılmasında faydası ola biləcək şirkətlərin böyük bir qisminin Forumda iştirakı gözlənilir.

Qeyd edək ki, yeni NQNK layihəsi çərçivəsində illik istehsal gücü 10 mln. ton olan neft emalı, 10 mlrd. kubmetr olan qaz emalı zavodlarının və polimer istehsalı gücü təqribən 2 mln. ton olan neft-kimya kompleksinin tikintisi nəzərdə tutulur. Bundan əlavə, kompleksin tərkibində mərkəzləşdirilmiş ümumi-zavod təsərrüfatı və İstilik Elektrik Mərkəzi inşa ediləcək. Ümumilikdə kompleksin konfiqurasiyasına 30-dan çox texnoloji qurğu daxil olacaq. NQNK layihəsinin dəyəri 15 mlrd. ABŞ dolları təşkil edir. Kompleks tam olaraq 2020-ci ildə istismara veriləcək. İlkin hesablamalara əsasən, layihə iqtisadi cəhətdən cəlbedici hesab edilir və investisiya qoyuluşlarının 6-7 il ərzində ödənilməsi nəzərdə tutulur.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR