İçərişəhərdə “Bakıda polyak məkanları” və “Azərbaycanda polyak məkanları. İçərişəhər” kitablarının təqdimatı keçirilib - FOTO

İçərişəhərdə “Bakıda polyak məkanları” və “Azərbaycanda polyak məkanları. İçərişəhər” kitablarının təqdimatı keçirilib - <font color=red>FOTO</font>
# 08 noyabr 2012 11:23 (UTC +04:00)
Bakı. Kəmalə Quliyeva - APA. “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsi və Polşanın Azərbaycandakı səfirliyi tərəfindən “Bakıda polyak məkanları” və “Azərbaycanda polyak məkanları. İçərişəhər” kitablarının təqdimatı keçirilib.

APA-nın xəbərinə görə, təqdimat mərasimində çıxış edən Qoruq İdarəsinin rəisi Mikayıl Cabbarov bildirib ki, Azərbaycan və Polşa arasında ilk yaxın əlaqələr XVI əsrə təsadüf edir. Azərbaycan, xüsusilə Bakı memarlığının formalaşmasında polyak memarları çox mühüm rol oynayıblar. İlk dəfə olaraq polyak dilində İçərişəhəri təsvir edən bələdçi kitabçalar Polşadan Azərbaycana gələn turistlər üçün nəzərdə tutulub. Məqsəd turistlərin İçərişəhərlə tanışlığını doğma dillərində daha anlayışlı olmasını təmin etməkdir. Kitablarda polyak memarları tərəfindən layihələndirilən Bakı Şəhər Dumasının binası, “İsmailiyyə”, Murtuza Muxtarovun mülkü kimi binalar haqqında məlumatlar yerləşdirilib.

Polşanın Azərbaycandakı səfiri Mixal Labenda isə bildirib ki, yeni bələdçi kitabçalar Azərbaycanla Polşa arasında diplomatik əlaqələrin yaranmasının 20 illik yubileyinə həsr olunub: “Lakin bu kitab bir daha iki ölkə arasındakı əlaqələrin daha dərin olduğunu göstərir”. Səfir qeyd edib ki, XIX əsrdə Bakıda “neft bumu” yaşanan zaman Polşa ilə Azərbaycanın əlaqələri daha da intensivləşib. Məhz bu zaman Azərbaycana çoxlu sayda polyak neft mühəndisləri, memarları, həkimləri gəlib. Polyak memarları Bakı memarlığının formalaşmasında müstəsna xidmətlər göstəriblər.

Mədəniyyət və turizm nazirinin müavini Nazim Səmədov isə qeyd edib ki, ötən il Azərbaycana Polşadan 2200 turist gəlib: “Bu rəqəm bizi qane etmir. Polyak turistlərin Azərbaycana səfərlərini intensivləşdirmək üçün belə kitabçaların əhəmiyyəti böyükdür. Nazirlik tərəfindən “Azərbaycanda polyak izləri” adlı turist marşrutu təşkil olunub. Marşrutun təbliğ edilməsi məqsədilə Polşanın turizm şirkətləri və media nümayəndələri də Azərbaycanda olublar”.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR