Bu ilin fevralından indiyədək «Azərsu»ya 30 min manat su pulu borcu yığılıb

Bu ilin fevralından indiyədək «Azərsu»ya  30 min manat su pulu borcu yığılıb
# 06 sentyabr 2012 11:26 (UTC +04:00)
Bakı. Elnur Hüseynquluyev - APA-Economics. «Azərsu» ASC-nin abonentlərinin sayı 1,2 mln. nəfərə çatıb ki, bunun da 61,9%-i və ya 742 800 abonenti artıq sayğaclaşdırılıb.

«APA-Economic»in məlumatına görə, bunu bu gün «Azərsu» ASC-də keçirilən tədbirdə cəmiyyətin Kommersiya Departamentinin direktoru Saday Alıyev bildirib.

Onun sözlərinə görə, bu günədək cəmiyyət tərəfindən 3966 qeyri-əhali qrupu abonentinə smart-kart tipli sayğac quraşdırılıb ki, bunun da 800-dən çoxu yeni quraşdırılmış sayğacların, 3166-sı isə yenisi ilə əvəz olunan sayğacların payına düşüb: «Əhali qrupu üzrə isə 40 sayğac quraşdırılıb və cari ilin sonunadək bu tipli sayğacların sayı artırılacaq».

S.Alıyev daha sonra əhali qrupu üzrə borclu istehlakçıların borclarını ödəmədiyini və bu borcun artdığını bildirib. Bu ilin fevral ayından indiyədək borclu abonentlərin 30 min manata yaxın su borcu yığılıb. Artıq «Azərsu» bir çox yerlərdə borcu olan abonentlərin suyunu kəsmək niyyətindədir. Su borcu ödənildikdən sonra abonentə içməli suyun verilməsi bərpa olunacaq.

S.Alıyev əhali qrupu üzrə yeni sayğacların pulsuz quraşdırıldığını qeyd edib: «Su təchizatı və tullantı sularının axıdılması xidmətlərindən istifadə edən əhali qrupu istehlakçılarına ön ödənişli sayğacların quraşdırılması «Azərsu» ASC-nin müvafiq xidmət sahələri tərəfindən dövlət hesabına həyata keçirilir və bunlara görə istehlakçıdan heç bir ödəniş tələb olunmur. Qeyri-əhali qrupu abunəçiləri üçün sayğacların quraşdırılması isə «Azərsu» ASC-nin müvafiq xidmət sahələri tərəfindən istehlakçının vəsaiti hesabına həyata keçirilir».

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR