Lənkəranda avtomobil mağazaya çırpılıb

Lənkəranda avtomobil mağazaya çırpılıb
# 10 may 2012 06:42 (UTC +04:00)
Lənkəran. Ağəddin Babayev – APA. Lənkəranda bir nəfərin xəsarət alması ilə nəticələnən yol qəzası baş verib. APA-nın cənub bürosunun məlumatına görə, hadisə mayın 9-da axşam saatlarında şəhərin Həzi Aslanov və Hacı Nəsirov küçələrinin kəsişməsində qeydə alınıb. Rayonun Liman şəhər sakini, 40 yaşlı Ceyhun Nadir oğlu Həsənzadənin idarə etdiyi “Hyundai Santafe” markalı, 10 NT 342 dövlət nömrə nişanlı avtomobil Həzi Aslanov küçəsi ilə Qala Xiyabanı istiqamətində hərəkətdə olarkən, yol ayrıcında qarşısına çıxan Lənkəran şəhər sakini, 15 yaşlı Miryusif Mirəziz oğlu Ağazadənin idarə etdiyi “VAZ-2108” markalı, 42 BB 268 dövlət nömrə nişanlı avtomaşınla toqquşub. Zərbənin təsirindən “Hyundai” hərəkət istiqamətini itirərək, yolun kənarındakı uşaq malları mağazasına çırpılıb. Nəticədə mağazaya ciddi ziyan dəyib, “VAZ-2108” markalı maşının sürücüsü isə bel və sol gicgah nahiyələrində sıyrılmış yara diaqnozu ilə Lənkəran Mərkəzi Rayon Xəstəxanasına çatdırılıb. Ona burada ilkin tibbi yardım göstərildikdən sonra ambulator müalicəyə buraxılıb. Hadisə yerinə gələn Lənkəran Şəhər-Rayon Polis Şöbəsinin Dövlət Yol Polisi Bölməsinin əməkdaşları qəzanın səbəblərinin araşdırmaq üçün əsas yolu bağlayaraq, avtomobillərin hərəkət istiqamətini dəyişiblər. Təqribən 1 saatdan sonra əsas küçədə maşınların hərəkəti bərpa olunub. Qəzanın dəqiq səbəbi isə aparılacaq avto ekspertizanın verəcəyi rəydən sonra məlum olacaq. Faktla bağlı araşdırma aparılır.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR