Azərbaycanın əsas pivə istehsalçısı məhsul çeşidini genişləndirir

Azərbaycanın əsas pivə istehsalçısı məhsul çeşidini genişləndirir
# 02 aprel 2012 06:57 (UTC +04:00)
Bakı. Nicat Mustafayev – APA-Economics. Azərbaycanın əsas pivə istehsalçısı olan «Baltika-Bakı» zavodu istehsal etdiyi pivə brendlərinin sayını artırmaq niyyətindədir. Bu barədə «APA-Economics»ə «Baltika-Bakı» şirkətinin marketinq üzrə direktor müavini Şahruh Nizamutdinov bildirib.

Onun sözlərinə görə, hazırda zavodda 4 brend pivə istehsal olunur ki, bu, «Xırdalan», «Baltika», «Əfsanə» və «Bizim pivə» brendləridir: «Bizim planlarımıza pivə brendlərinin sayının artırılması daxildir».

Müəssisə rəsmisi onu da bildirib ki, zavodda istehsal edilən və Rusiya brendi olan «Arsenalnoye» pivə brendi istehsaldan çıxarılıb. Belə ki, sözügedən pivəyə Azərbaycanda tələbat az olub.

«Ümumiyyətlə, bizim istehsal etdiyimiz məhsullar hədəf kimi əsasən 25-35 yaş ətrafında olan insanlar üçün nəzərdə tutulub», - deyə Ş.Nizamutdinov bildirib.

Qeyd edək ki, 2008-ci ilin may ayında Rusiyanın «Baltika» pivə zavodu Xırdalanda yerləşən «Baku-Castel» zavodunun səhmlərinin 92%-ni alıb və 2009-cu ilin yanvar ayında sözügedən müəssisə adını «Baltika-Bakı»ya dəyişib. Hazırda sözügedən zavodun məhsulları Azərbaycanın pivə bazarının 75%-ni əhatə edir.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR