ABŞ-ın Kaliforniya ştatının Monterrey şəhər nümayəndələri Lənkəranda olublar

ABŞ-ın Kaliforniya ştatının Monterrey şəhər nümayəndələri Lənkəranda olublar
# 23 mart 2012 23:33 (UTC +04:00)
Lənkəran. Ağəddin Babayev – APA. “Doğurdan da Ermənistanla Azərbaycan arasında konflikt var və Azərbaycan torpaqları Ermənistan tərəfindən işğal edilib. Əminəm ki, bu dövlətlər arasında razılaşma əldə olunacaq, Qarabağ məsələsi ilə bağlı qəbul edilən qərarlar öz icrasını tapacaq”. APA-nın Cənub bürosunun məlumatına görə, bu açıqlamanı Lənkəranda qonaq olan ABŞ-ın Kaliforniya ştatının Monterey şəhər rəhbərliyinin nümayəndəsi Erik Lauritzen bu gün jurnalistlərə müsahibəsində verib. Qeyd edək ki, Azərbaycanın Lənkəran şəhəri ilə Kaliforniyanın Monterey şəhəri 2010-cu ildən qardaşlaşıb. Novruz bayramı ərəfəsində Monterey şəhər rəhbərliyinin iki nümayəndəsi Erik Lauritzen və Nensi Selfridg Lənkərana qonaq gəlib. Bölgənin gəzməli və görməli yerlərində olduqlarını və Lənkəranın sosial-iqtisadi inkişafı, turizm potensialı ilə bağlı çoxlu məlumatlar topladıqlarını deyən Erik Lauritzen sonrakı dostluq əlaqələri üçün mühüm əhəmiyyət kəsb edən təəssüratlarını vətənə qayıtdıqdan sonra öz həmyerliləri ilə bölüşəcəyini bildirib: “Məni daha çox maraqlandıran kənd təsərrüfatı sahəsidir. Lənkəranın aqrar həyatı ilə tanışlıqdan məmnun oldum. Biz çayçılıqla məşğul olan mütəxəssislərlə görüşdük. Çay plantasiyalarına baxdıq. Lənkəran və Kaliforniyanın bitki aləmi, florasında oxşar cəhətlər çoxdur. Burada hər hansı bir iş birliyi qurmaqdan ötrü bizim gəlişimizlə bərabər, lənkəranlıların da Monterreyə gəlişi vacibdir. Xalqların mədəniyyətləri müxtəlif olduğu kimi, eyni zamanda oxşarlığı da olur”.
Nensi Selfridg isə jurnalistlərlə söhbətində bununla Lənkərana ikinci dəfə gəldiyini deyərək, Lənkəran mətbəxinin zənginliyinə heyran qaldığını, xüsusən də plovdan çox xoşu gəldiyini bildirib: “Novruz bayramı ərəfəsində biz bir neçə ailədə olduq. Lənkəranın özünəməxsus zəngin mətbəxindən çox şey götürdük, müxtəlif yeməklərdən, əsasən də plovdan bolluca daddıq. Bu dəfdəki gəlişimdə Lənkəranda çoxlu dəyişiklərin, yeniliklərin baş verdiyinin şahidi oldum. Yeni tikililər, hündür binalar şəhərə çox yaraşır. Növbəti səfərimiz Bakıya olacaq. Vətənə qayıdandan sonra isə buradakı təəssüratlarımız barədə həmyerlilərimizə danışacağıq. Əlbəttə, ən başlıca məqsədimiz Lənkəran-Monterey əlaqələri ilə bağlı çoxlu layihələr hazırlamaq və yaxın gələcəkdə onların gerçəkləşməsinə çalışmaqdan ibarətdir”.
Kaliforniyalı qonaqları müşayiət edən Lənkəran Şəhər İcra Hakimiyyəti aparatının ictimai təşkilatlar və siyasi partiyalarla iş şöbəsinin müdiri Əlimərdan Əliyev Lənkəranın artıq iki şəhərlə - Türkiyənin İsgəndərun və ABŞ-ın Kaliforniya ştatının Monterey şəhərləri ilə qardaşlaşdığını bildirib. Hər iki şəhərlə yaxından sıx əməkdaşlıq edildiyini diqqətə çatdıran icra rəsmisi Monterey şəhəri ilə müəyyən iş birliklərinin qurulacağını, o cümlədən tələbə mübadiləsinin həyata keçiriləcəyini və bununla bağlı artıq razılaşmanın əldə edildiyini dilə gətirib.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR