İnzibati Prosessual Məcəlləyə dəyişiklik ediləcək

İnzibati Prosessual Məcəlləyə dəyişiklik ediləcək
# 10 aprel 2012 13:27 (UTC +04:00)
Bakı. Rəşad Süleymanov – APA. Azərbaycanın İnzibati Prosessual Məcəlləsində dəyişiklik ediləcək. APA-nın məlumatına görə, dəyişikliklər layihəsi parlamentin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin iclasında müzakirə edilərək plenar iclasa tövsiyə olunub.

Dəyişikliyə əsasən məcəlləyə 18-ci fəsil əlavə olunub. Bu fəsil seçki (referendum) hüquqlarının müdafiəsi ilə bağlı işlər üzrə icraat adlanır.

Təklif olunan əlavədə qeyd olunur ki, seçki (referendumda iştirak) hüquqlarının müdafiəsi ilə əlaqədar iddia ərizələri apellyasiya instansiyası məhkəmələrinə Azərbaycanın Seçki Məcəlləsi ilə müəyyən edilmiş qaydada verilir. Seçki hüquqlarının müdafiəsinə dair işlər üzrə daxil olmuş iddia ərizəsinə məhkəmə tərəfindən 3 gün müddətinə, səsvermə gününə 30 gündən az müddət qalırsa 2 gün müddətinə (lakin səsvermə günündən gec olmayaraq), səsvermə günü və həmin gündən sonra daxil olmuş iddia ərizəsinə isə dərhal baxılmalı və onun mahiyyəti üzrə qərar qəbul edilməlidir.

Məhkəmə tərəfindən iddia ərizəsinə ərizəçinin, müvafiq seçki komissiyasının və ya digər maraqlı şəxslərin iştirakı ilə baxılır. Məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdarlıq edilmiş göstərilən şəxslərin məhkəməyə gəlməməsi işə baxılmasına və onun həll edilməsinə mane olmur.

İş üzrə yazılı formada tam məhkəmə qərarı onun nəticə hissəsinin elan olunduğu vaxtdan 24 saatdan, səsvermə gününə 30 gün qalmış və ondan sonra qəbul edilmiş qərarlar isə 18 saatdan gec olmayaraq təqdim olunmalıdır. İş üzrə məhkəmə qərarından həmin qərarın tam formada təqdim olunduğu gündən 3 gün müddətində Ali Məhkəməyə şikayət verilə bilər. Bu şikayətə 3 gün müddətində, səsvermə gününə 30 gündən az müddət qalırsa 2 gün müddətində (lakin səsvermə günündən gec olmayaraq), səsvermə günü və həmin gündən sonra daxil olmuş ərizələrə isə dərhal baxılmalıdır.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR