Dünya bazarında çayın qiyməti 30 aylıq maksimuma çatıb

Dünya bazarında çayın qiyməti 30 aylıq maksimuma çatıb
# 10 avqust 2012 13:27 (UTC +04:00)
«APA-Economics»in «Financial Times»a istinadən məlumatına görə, qiymət artımının əsas səbəbi hava şəraitinin pis olması nəticəsində iri çay istehsalçısı olan ölkələrdə məhsuldarlığın kəskin aşağı düşməsi ilə bağlıdır. Belə ki, Keniyada çay istehsalı quraqlığa görə, Şri-Lankada musson yağışları nəticəsində azalıb. Nəticədə, «elit» çay sayılan qara çayın 1 kq-nın topdan satış qiyməti son 6 ayda 41% artaraq 4 dollara çatıb. Qeyd edək ki, çayın qiyməti bundan yuxarı həddə 2,5 il əvvəl 2009-cu ildə olub. Həmin vaxt çayın 1 kq-ı 5,45 dollara satılıb.

Topdansatış qiymətlərin kəskin artmasına baxmayaraq BMT-də bildirirlər ki, çayın pərakəndə satış qiyməti cüzi bahalaşacaq. «Qiymət artımı pərakəndə bazara təsir edəcək, amma satış şəbəkələri arasında rəqabət o qədər güclüdür ki, ciddi dəyişiklik baş verməyəcək», - deyə BMT-nin eksperti Kayson Çanq bildirib.

Analitiklər istehsalın aşağı düşdüyünə görə, çayın bundan sonra da bahalaşacağını gözləyirlər. Belə ki, Keniyada çay istehsalı son yarım ildə 11,5%, Hindistan və Şri-Lankada isə 10% azalıb.

Dünyanın iri çay istehlakçıları olan Rusiya, Böyük Britaniya, Pakistan və Yaxın Şərq ölkələri son bir neçə ay ərzində çay ehtiyatları toplayıb ki, bu da analitiklərin fikrincə, müəyyən müddətə qiymət artımının qarşısını ala bilər.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR