Azərbaycan və Latviya arasında daimi əsasda birbaşa aviareyslərin açılması məsələsi müzakirə edilib

Azərbaycan və Latviya arasında daimi əsasda birbaşa aviareyslərin açılması məsələsi müzakirə edilib
# 19 oktyabr 2012 12:36 (UTC +04:00)
Bakı. Ülkər Rəşidqızı – APA. Mədəniyyət və turizm naziri Əbülfəs Qarayev Latviyaya rəsmi səfəri çərçivəsində bu ölkənin iqtisadiyyat naziri Daniels Pavlyuttsla görüşüb.

APA-nın məlumatına görə, görüşdə Azərbaycanın Latviyadakı səfiri Elman Zeynalov və digər rəsmi şəxslər iştirak ediblər.

İki ölkə arasında turizm sahəsində mübadilə aparmağın zəruri olduğunu vurğulayan nazir Ə.Qarayev Azərbaycanın turizm potensialından, o cümlədən ekstremal turizm üçün yararlı zonalardan danışıb. Nazir regionlarda turizm infrastrukturunun inkişafı haqqında da məlumat verib və bildirib ki, son illər Azərbaycanda 5 beynəlxalq hava limanı inşa edilib. Bu da ölkədə turizmin inkişafına imkan yaradır.

Tərəflər gələcəkdə iki ölkənin turizm şirkətləri arasında əlaqələrin genişləndirilməsinin, turizmin təşkili sahəsində təcrübə mübadiləsi aparılmasının zəruri olduğunu vurğulayıblar. Statistikaya görə, təkcə 2011-ci ildə Azərbaycandan Latviyaya 1400-dən çox, Latviyadan Azərbaycana 1200-dən çox turist gəlib. Görüşdə Azərbaycan və Latviya arasında daimi əsasda birbaşa aviareyslərin açılması məsələsi müzakirə edilib, bələdçi kitabçalarının birgə nəşrinin, iki ölkənin turizm potensialı haqqında reklam videoçarxlarının çəkilməsinin zəruri olduğu vurğulanıb.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR