Yuğ Teatrı Finlandiyanda keçirilən Beynəlxalq Teatr Festivalında iştirak edib

Yuğ Teatrı Finlandiyanda keçirilən Beynəlxalq Teatr Festivalında iştirak edib
# 01 iyun 2012 10:36 (UTC +04:00)
Bakı. Ülkər Rəşidqızı – APA. Azərbaycan Dövlət Yuğ Teatrının kollektivi Finlandiyanın İmatra şəhərində keçirilən «Ağ və Qara» Beynəlxalq Teatr Festivalında iştirak edib. Teatrın mətbuat xidmətindən APA-ya verilən məlumata görə, festivalda teatr kollektivi F. Kafkanın əsərləri əsasında hazırlanan «Kafkadan salam» tamaşası ilə səhnəyə çıxıb.

Festival «Ağ və Qara» Teatrı tərəfindən təşkil olunub. «Ağ və Qara» Teatrı Finlandiyada yaşayan həmvətənimiz, teatr və kino rejissoru Kamran Şahmərdanın təşəbbüsü və yaxından iştirakı ilə 2001-ci ildə yaradılıb. Bu teatrın təşkil etdiyi eyni adlı festival isə 2003-cü ildən keçirilir. Hər ilin may-iyun aylarında Finlandiyanın İmatra şəhərində keçirilən festivalın ideya müəllifi və bədii rəhbəri Kamran Şahmərdandır. Festivalda Azərbaycan, Belçika, Keniya, Polşa, Böyük Britaniya, Rumıniya, İsrail, İran, Avstriya, İtaliya, Portuqaliya, Almaniya, Türkiyə, Ukrayna, Bularus, Rusiya və Estoniyadan ən müxtəlif üslubda çalışan teatr kollektivləri iştirak edib.

«Kafkadan salam» tamaşasının quruluşçu rejissoru Yuğ Teatrının yaradıcısı, mərhum rejissor Vaqif İbrahimoğludur. Tamaşada teatrın aktyorları, əməkdar artistlər Fərhad İsrafilov (Ata), Sonaxanım Mikayılova (Ana), Məmmədsəfa Qasımov (Oğul), Gülzar Qurbanova (Qadın), Vidadi İsmayıl (Dadı), aktyorlar Yaqut Paşazadə (Bacı), Hikmət Rəhim (Animus) və Ruslan Şöhrətoğlu (Frans K.) çıxış edirlər.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR