Rumıniya səfiri: "Azərbaycan NATO üçün güclü və etibarlı tərəfdaşdır"

Rumıniya səfiri:  "Azərbaycan NATO üçün güclü və etibarlı tərəfdaşdır"
# 07 oktyabr 2015 15:01 (UTC +04:00)

Bakı. Məlahət Nəcəfova - APA. Rumıniyanın Azərbaycandakı səfirliyində NATO-nun Azərbaycandakı rezident-əlaqələndiricisi qismində “NATO-Azərbaycan tərəfdaşlığının hazırki durumu və perspektivləri” mövzusunda dəyirmi masa keçirilib.

Səfirlikdən APA-ya verilən məlumata görə, tədbirdə NATO-ya üzv ölkələrin Azərbaycandakı səfirləri, hərbi attaşeləri, NATO-nun Cənubi Qafqaz üzrə ofisinin nümayəndələri iştirak edib.

Dəyirmi masanı açan Rumıniyanın Azərbaycandakı səfiri Kristian Çiobanu NATO-Azərbaycan tərəfdaşlığının vacibliyini vurğulayaraq bildirib ki, ötən dövr ərzində Azərbaycanda bir sıra tədbirlər keçirilib: “14-18 sentyabr tarixlərində NATO-nun Niderlandın Brunssum şəhərində olan Birgə Komandanlığı tərəfindən Bakıda "Psixoloji əməliyyatlar üzrə (PSYOPS) mobil təlim qrupu" tədbiri təşkil edilib. Sentyabrın 19-da Bakıda “Avropa şəhərciyi" təşkil olunub. Oktyabrın 7-də isə Azərbaycanda NATO günləri başlayıb. Sabah Rumıniya səfirliyi Azərbaycan Tələbə Gənclər Təşkilatı ilə birlikdə NATO-Azərbaycan əlaqələrinə dair görüş təşkil edəcək”.

Rumıniya səfiri Azərbaycanın gənc nəsli arasında NATO dəyərlərinə marağın artdığını qeyd edib və bunun əlaqələrin gələcəkdə dərinləşməsi üçün möhkəm zəmin yaratdığını söyləyib: “Rumıniyanın diplomatik missiyası NATO-Azərbaycan əlaqələrini daha da irəlilətmək üçün ictimai diplomatiya tədbirlərini təşkil etməkdə davam edəcək. Bakı enerji təhlükəsizliyi baxımından əhəmiyyət kəsb edən bölgədə NATO üçün güclü və etibarlı tərəfdaşdır”.

Tədbirdə NATO-nun Cənubi Qafqaz ofisinin siyasi müşaviri Jiri Preklik NATO-nun Azərbaycanla bağlı siyasətindəki yeniliklər barədə məlumat verib.

NATO-nun Cənubi Qafqaz üzrə ofisinin hərbi müşaviri Maksimilian Eder NATO-Azərbaycan əlaqələrinin təhlükəsizlik sahəsindəki əməkdaşlığının əsas elementlərini təqdim edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR