Bakıda Moskva Günləri keçiriləcək

Bakıda Moskva Günləri keçiriləcək
# 14 noyabr 2015 08:49 (UTC +04:00)

Bakı – APA. Noyabrın 16-dan etibarən Bakıda Moskva Günləri keçiriləcək.

Gənclər və İdman Nazirliyinin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, Moskva şəhərinin nümayəndə heyətinə 14 nəfər, 2 məşqçi, Moskva Şəhər Bədən Tərbiyəsi və İdman Departamentinin nümayəndələri, Olimpiya çempionları David Musulbes (1996-cı il, Atlanta) və Vadim Bogiyev (2000-ci il, Sidney) daxildir.

Moskva Günləri çərçivəsində Bakı və Moskva şəhərlərinin 14-15 yaşlı boksçular və 12-13 yaşlı güləşçilərdən ibarət komandaları arasında yoldaşlıq görüşləri keçiriləcək.

Tədbirin proqramına əsasən, noyabr 16-da qonaqlar Fəxri Xiyabanı və Şəhidlər Xiyabanını ziyarət edəcəklər.

İdman obyektləri ilə yaxından tanış olacaq nümayəndə heyəti ilə Bakı Şəhər Gənclər və İdman Baş İdarəsində görüş keçiriləcək. Görüşdə Bakı şəhər Gənclər və İdman Baş İdarəsinin rəisi Raqif Abbasov, Sidney Yay Olimpiya Oyunlarının sərbəst güləş üzrə çempionu Namiq Abdullayev, Pekin Yay Olimpiya Oyunlarının çüdo üzrə çempionu Elnur Məmmədli, Rusiya Bədən Tərbiyə və İdman Departamentinin müavini, Rusiyanın sərbəst güləş üzrə olimpiya çempionları David Musulbes, Vadim Bogiyev və digərləri iştirak edəcəklər.

Noyabrın 17-də isə Tofiq Bəhrəmov adına Respublika Stadionunun güləş zalında sərbəst güləş üzrə, sentyabrın 18-də isə Boks İdman Mərkəzində boks üzrə master-klass və yoldaşlıq görüşü keçiriləcək.

Qeyd edək ki, Moskva Günləri noyabrın 19-da başa çatacaq. Tədbir 1997-ci il 13 iyun tarixində Bakı və Moskva arasında imzalanmış Memoranduma əsasən keçirilir. Tədbirin keçirilməsində məqsəd Bakı və Moskva arasında idman, mədəni, elmi-texniki və iqtisadi əlaqələrin inkişafına töhfə vermək, habelə əməkdaşlığı inkişaf etdirməkdir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR