Moskvada general Kərim Kərimova həsr edilmiş “Ucalıq” adlı sənədli film nümayiş olunub - FOTOSESSİYA

Moskvada general Kərim Kərimova həsr edilmiş “Ucalıq” adlı sənədli film nümayiş olunub - <span style="color: red;">FOTOSESSİYA
# 14 noyabr 2015 10:03 (UTC +04:00)

Moskva. Fərid Əkbərov - APA. Moskvanın Kosmonavtika Muzeyində məşhur sovet alim-mühəndisi, sovet kosmonavtikasının banilərindən biri olmuş general-leytenant Kərim Kərimova həsr edilən “Ucalıq” adlı sənədli film nümayiş olunub.

APA-nın Moskva müxbirinin verdiyi məlumata görə, filmin nümayişindən əvvəl rejissor, Azərbaycanın xalq artisti Vasif Babayev bu əsərin necə ərsəyə gəlməsi, filmin baş qəhrəmanının tutduğu vəzifənin spesifikası ilə əlaqədar ona aid materiallar uzun illər boyu ictimaiyyət üçün qapalı olduğuna görə bu materialları axtarıb tapmağın çətinlikləri barədə danışıb.

V. Babayev bildirib ki, K. Kərimov haqqında “Xahiş edirəm hazırlıq barədə məruzə edin” adlı ilk filmini 1988-ci ildə çəkib. O, sonrakı illərdə kosmonavtika mövzusuna dəfələrlə müraciət etdiyini, televiziya üçün bu mövzuda verilişlər hazırladığını söyləyib: "General Kərim Kərimov da tez-tez bu verilişlərin qonağı olurdu. Azərbaycan televiziyasının arxivlərində kosmonavtika haqqında çoxlu maraqlı videomateriallar var. Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyev kosmonavtların çoxu ilə dostluq edirdi. Məhz Heydər Əliyevin sayəsində 1973-cü ildə Bakıda dünyanın bir sıra ölkələrindən olan məşhur alimlərin və kosmonavtların iştirakı ilə beynəlxalq konfrans keçirilmişdi. Kərim Kərimov tez-tez Heydər Əliyevlə görüşürdü. Heydər Əliyevin fərmanı ilə Kərim Kərimov yüksək dövlət mükafatına - “Şərəf” ordeninə layiq görülüb”.

Təqdimat mərasimində iştirak edən kosmonavtlar Aleksandr İvançenko, Vladimir Canibekov, Viktor Savinıx, Viktor Qorbatko, Aleksandr Aleksandrov, praktiki kosmonavtikanın banisi Sergey Korolyovun qızı Natalya Korolyova, Kərim Kərimov haqqında “Tam məxfi general” kitabının müəllifi Yekaterina Beloqlazova, Azərbaycan Mədəniyyət və Turizm Nazirliyinin nümayəndəsi Almaz Sultanzadə, filmin operatoru Elçin Abdullayev və başqaları kosmonavtikanın inkişafına həmvətənimizin verdiyi sanballı töhfələr barədə danışıblar. Natiqlər K. Kərimovun istedadlı rəhbər, mütəşəkkil adam, yüksək səviyyəli peşəkar olduğunu qeyd ediblər: "Bütün kosmonavtlar 25 il ərzində startdan əvvəl və Yerə qayıdandan sonra məhz Kərim Kərimova müraciətlə raport verirdilər: "Yoldaş dövlət komissiyasının sədri”. Kərim Kərimov özü həmişə kadr arxasında qalsa da, kosmonavtlara uçuşdan qabaq xeyir-dua verirdi".

Azərbaycanın Moskvadakı səfirliyinin müşaviri Vüqar İmaməliyev isə çıxışında Kərim Kərimovun kosmonavtika sahəsində görkəmli nailiyyətlər qazanmaqla, həm də Ümumrusiya Azərbaycanlılar Konqresini yaradanlardan biri olduğunu vurğulayıb: “Kərim Kərimov Azərbaycandan uzaqda yaşamasına baxmayaraq ruhən həmişə vətənlə bağlı idi, həmvətənləri ilə əlaqələri kəsmirdi”. Diplomat Azərbaycanın Rusiyadakı səfiri Polad Bülbüloğlunun adından “Ucalıq” sənədli filminin yaradıcı heyətinə təşəkkürnamələr təqdim edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR