Azərbaycan və Belarus arasında müxtəlif sahələri əhatə edən sənədlər imzalanıb - YENİLƏNİB

Azərbaycan və Belarus arasında müxtəlif sahələri əhatə edən sənədlər imzalanıb - <span style="color: red;">YENİLƏNİB
# 28 noyabr 2015 13:35 (UTC +04:00)

Bakı – APA. Azərbaycan və Belarus prezidentləri arasında geniş tərkibdə görüş başa çatdıqdan sonra Azərbaycan-Belarus sənədlərinin imzalanması mərasimi olub.

APA-nın xəbərinə görə, Azərbaycan prezidenti ilə Belarus prezidentinin Birgə Bəyannaməsini Azərbaycan prezidenti İlham Əliyev və Belarus prezidenti Aleksandr Lukaşenko imzalayıblar.

“Azərbaycan Respublikası və Belarus Respublikası arasında 2025-ci ilədək sosial-iqtisadi əməkdaşlıq” haqqında müqaviləni Azərbaycanın baş nazirinin birinci müavini Yaqub Eyyubov və Belarus baş nazirinin müavini Vladimir Semaşko imzalayıb.

“Azərbaycan Respublikasının Dövlət Sosial Müdafiə Fondu ilə Belarus Respublikasının Əmək və Sosial Müdafiə Nazirliyi arasında məcburi dövlət sosial sığortası sahəsində əməkdaşlıq” haqqında Protokolu Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov və Belarusun əmək və sosial müdafiə naziri Mariyanna Şotkina imzalayıb.

“Azərbaycan Milli Elmlər Akademiyası, Azərbaycan Respublikasının Prezidenti yanında Elmin İnkişafı Fondu ilə Belarus Milli Elmlər Akademiyası, Belarus Respublikası Fundamental Tədqiqatlar Fondu arasında əməkdaşlıq haqqında” Sazişi Azərbaycan Milli Elmlər Akademiyasının prezidenti Akif Əlizadə və Belarus Milli Elmlər Akademiyasının Rəyasət Heyətinin sədri Vladimir Qusakov imzalayıb.

Sənədlərin imzalanmasından sonra A. Lukaşenkonun fərmanı ilə Y. Eyyubov və “Gəncə Avtomobil Zavodu” İstehsalat Birliyinin Müşahidə Şurasının sədri Xanlar Fətiyev Azərbaycan ilə Belarus arasında ticari-iqtisadi əlaqələrin möhkəmlənməsinə və inkişafına verdikləri töhfəyə görə Belarus Respublikasının “Şərəf” ordeni ilə təltif edilblər.

Sənədlərin imzalanması mərasimindən sonra prezidentlər İlham Əliyev və Aleksandr Lukaşenko mətbuata birgə bəyanatlarla çıxış ediblər.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR