Nərimanov rayonunda 4 küçə təmir olunur

Nərimanov rayonunda 4 küçə təmir olunur
# 28 iyun 2016 11:12 (UTC +04:00)

Bakı. Vüsal Nəbiyev – APA-Economics. Nərimanov rayonunda 4 küçədə təmir-bərpa işləri həyata keçirilir.

“Azəravtoyol” ASC-dən “APA-Economics”ə verilən məlumata görə, təmir işləri Arif Heydərov, Vladimir Mayakovski, Əlicabbar Orucəliyev və Çernyavski küçələrində aparılır.

Aparılan təmir işləri zamanı küçələrin köhnə asfalt-beton örtüyünün üst qatı frezlənərək ərazidən daşınır, yolun hərəkət hissəsi hazır vəziyyətə gətirilir və asfaltlanır. Bundan başqa, zəruri olan yerlərdə piyada səkiləri bərpa olunur və yeniləri tikilir, yeni səki daşları düzülür, yeraltı kommunikasiya xətlərinin dəmir-beton plitələri qaldırılaraq, baxış qapaqları yenilənir.

Təmir olunan Arif Heydərov küçəsinin uzunluğu 1 146 metr, eni isə 11,5 metrdir. Küçədə aparılan işlər çərçivəsində yolun hərəkət hissəsində 14 500 kvadratmetr, səkilərdə isə 5200 kvadratmetr ərazinin asfaltlanması, 3300 paqon-metr yeni səki daşının düzülməsi, 42 ədəd kanalizasiya qapaqlarının dəyişdirilməsi və 53 ədəd kanalizasiya quyu qapaqlarının layihə hündürlüyünə qaldırılması nəzərdə tutulub.

Vladimir Mayakovski küçəsinin uzunluğu 746 metr, eni isə 12,5 metrdir. Küçədə aparılan işlər çərçivəsində yolun hərəkət hissəsində 9 630 kvadratmetr, səkilərdə isə 4050 kvadratmetr ərazinin asfaltlanması, 3 200 paqon-metr yeni səki daşının düzülməsi və 25 ədəd kanalizasiya qapaqlarının dəyişdirilməsi işləri aparılır.

Təmir işlərinin aparıldığı daha bir küçə Əlicabbar Orucəliyev küçəsidir. Bu küçənin uzunluğu 325 metr, eni isə 11,2 metrdir. Burda təmir işləri zamanı ümumilikdə 4 700 kvadratmetr ərazi asfaltlanır, 760 paqon-metr yeni səki daşı düzülür və 16 ədəd kanalizasiya qapağı dəyişdirilir.

Çernyavski küçəsinin təmir olunan hissəsi Ağa Nemətulla və Hidayətzadə küçələri arasında yerləşir. Uzunluğu 390 metr, eni isə 15,9 metrdir. Burda həm yolun hərəkət hissəsində, həm də səkilərdə 8 200 kvadratmetr ərazidə asfaltlanma işləri aparılacaq, küçə boyu 350 paqon-metr səki daşı yenilənəcək və 16 ədəd kommunikasiya quyularının dəmir-beton plitələri qaldırılaraq baxış qapaqları yenisi ilə dəyişdiriləcək.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR