Uruqvay Parlamentinin Nümayəndələr Palatasının sədri Milli Məclisdə olub

Uruqvay Parlamentinin Nümayəndələr Palatasının sədri Milli Məclisdə olub
# 29 sentyabr 2016 17:01 (UTC +04:00)

Bakı. Mübariz Aslanov – APA. Milli Məclisin sədri Oqtay Əsədov Bakıda səfərdə olan Uruqvay Respublikası Parlamentinin Nümayəndələr Palatasının sədri Xerardo Amarilyanın başçılıq etdiyi nümayəndə heyətini qəbul edib. MM-dən APA-ya verilən məlumata görə, sədr bildirib ki, III Beynəlxalq Forumda da iştirak edən Uruqvay Parlamentinin nümayəndə heyəti MM-də olub, Azərbaycanın qanunverici orqanının fəaliyyəti ilə yaxından maraqlanıb.

Sədr qarşılıqlı səfərlərin əhəmiyyətini vurğulayaraq, parlamentlərdə dostluq qruplarının fəaliyyət göstərməsini önəmli hesab edib. O qeyd edib ki, ermənilər tərəfindən işğal olunmuş Dağlıq Qarabağa bir vaxtlar səfər etmiş bir neçə uruqvaylı deputatla əlaqədar anlaşılmazlıqlar olsa da, bu məsələlər artıq aradan qaldırılıb və bu gün münasibətlərin inkişafında heç bir problem yoxdur:

Xerardo Amarilya isə qeyd edib ki, Uruqvay nümayəndə heyətinin tərkibinə parlamentin hər iki palatasından olan, müxtəlif siyasi partiyaları təmsil edən deputatlar daxildir. Qonaq Beynəlxalq Humanitar Forumun işini, tədbirdə müzakirə olunan məsələləri yüksək dəyərləndirərək, bu Forumun artıq bütün dünyada böyük nüfuz qazandığını söyləyib.

Qəbulda parlamentlərarası əlaqələrdən söhbət açan qonaq yaxın zamanlarda Uruqvay Parlamentində dostluq qrupunun tərkibinin müəyyənləşəcəyini bildirib. O bildirib bu qrupa üzv olmaq istəyən deputatların sayı olduqca çoxdur. Bu isə uruqvaylı deputatların Azərbaycana olan marağından xəbər verir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR