Nazirlik 7 rayonda səyyar protez-ortopedik bərpa xidməti təşkil edəcək

Nazirlik 7 rayonda səyyar protez-ortopedik bərpa xidməti təşkil edəcək
# 19 noyabr 2015 12:25 (UTC +04:00)

Bakı. Vüsal Nəbiyev – APA-Economics. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Protez-Ortopedik Bərpa Mərkəzinin tibbi-texniki briqadası tərəfindən gələn həftə 7 rayonda (Ucar, Ağdaş, Bərdə, Tərtər, Ağdam, Ağcabədi, Zərdab) əlilliyi olan şəxslərə və sağlamlıq imkanları məhdud uşaqlara səyyar formada protez-ortopedik bərpa xidməti göstəriləcək.

Nazirliyin ictimaiyyətlə əlaqələr şöbəsindən “APA-Economics”ə verilən məlumata görə, tibbi-texniki briqada noyabrın 24-də saat 9:00-dan 13:00-dək nazirliyin Ucar rayonu üzrə Tibbi-Sosial Ekspert Komissiyasının inzibati binasında və saat 14:00-dan 18:00-dək Ağdaş rayon mərkəzi xəstəxanasında, noyabrın 25-də saat 9:00-dan 13:00-dək Bərdə rayon Əhalinin sosial müdafiəsi mərkəzinin (ƏSMM) və saat 14:00-dan 18:00-dək Tərtər rayon ƏSMM-nin inzibati binalarında olaraq, həmin rayonlarda yaşayan əlilliyi olan şəxsləri və sağlamlıq imkanları məhdud uşaqları səyyar formada protez-ortopedik bərpa xidməti ilə təmin edəcək.

Səyyar xidmət noyabrın 26-da saat 9:00-dan 13:00-dək Ağdam rayon ƏSMM-nin və saat 14:00-dan 18:00-dək Ağcabədi rayon ƏSMM-nin inzibati binalarında, noyabrın 27-də isə saat 10:00-dan 14:00-dək Zərdab rayon İcra Hakimiyyətinin qonaq evində davam etdiriləcək.

Həmin rayonlarda yaşayan və protez-ortopedik xidmətə ehtiyac duyan əlilliyi olan şəxslər və sağlamlıq imkanları məhdud uşaqlar ehtiyac duyduqları protez-ortopedik məmulatlarla, həmçinin müxtəlif reabilitasiya vasitələri ilə təmin olunacaqlar.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR