Bu gündən “Bakinternet” istifadəçiləri üçün “Təhlükəsiz İnternet” xidmətinin tətbiqinə başlanıb

Bu gündən “Bakinternet” istifadəçiləri üçün “Təhlükəsiz İnternet” xidmətinin tətbiqinə başlanıb
# 24 avqust 2017 13:49 (UTC +04:00)

“Baktelecom” bu gündən etibarən “Bakinternet” istifadəçiləri üçün “Təhlükəsiz İnternet” xidmətinin tətbiqinə başlayıb.

Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyindən “APA-Economics”ə verilən məlumata görə, bu filtirasiya xidməti vasitəsi ilə bütün yaş kateqoriyasına aid istifadəçilər hər növ təhlükəli məzmunlardan qoruna biləcəklər. Beləliklə, internetdən istifadə edən hər kəs bank hesablarını ələ keçirən “online” qumar oyunları, spirtli içki, tütün və narkotik maddələri təbliğ edən saytlara girişi bloklamaqla, öz şəxsi məlumatlarını kiber-cinayətkar şəbəkələr və digər fişinqlərdən qorumaq imkanı əldə edəcək. Həmçinin səmərəliliyin artırılması məqsədi ilə təhlükəsiz internet xidmətini iş yerlərində də tətbiq etmək mümkündür.

Geniş seçim imkanı təqdim edən xidmət sayəsində valideynlərin azyaşlılara psixoloji zərər yetirə biləcək cinayətkarlıq, zorakılıq, irqçilik, diskriminasiya, ekstremizm və s. təbliğ edən oyun və filmlərin daxil olduğu resurslara nəzarəti güclənəcək.

Qeyd edək ki, Təhlükəsiz internet xidmətindən istifadə çox sadədir. Belə ki, istifadəçi www.baktelecom.az saytının “Şəxsi kabinet” bölməsinə daxil olaraq “Təhlükəsiz internet” xidmətinə qoşula bilər. Xidmətə qoşulduqdan sonra təqdim olunmuş siyahıdan təhlükəli hesab edilən kontentləri “qara siyahı”ya daxil edərək, istifadəni məhdudlaşdırmaq mümkündür. Həmçinin istənilən zaman filtri deaktiv edərək, “qara siyahıya” daxil edilən resursu aktivləşdirmək də olar.

İstifadəçilər bu xidmətə qoşulmaq üçün aidiyyatı Telekommunikasiya Qovşaqları və “Şəbəkə” xidmət mərkəzlərinə də müraciət edə bilərlər. Ətraflı məlumat üçün 155 Çağrı Mərkəzi ilə əlaqə saxlamaq mümkündür.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR