Agentlik sədri: “Azərbaycan "ASAN xidmət" konseptini daha çox ölkəyə ixrac edə biləcək”

Agentlik sədri: “Azərbaycan "ASAN xidmət" konseptini daha çox ölkəyə ixrac edə biləcək”
# 24 dekabr 2019 18:38 (UTC +04:00)

"Bu ilin iyun ayından etibarən ASAN Beynəlxalq Assosiasiyasının yaradılması barədə Niyyət Bəyənnaməsini imzalayan dövlətlərin aidiyyəti şəxsləri ilə zəruri sənədləşmə işləri müzakirə olunub".

APA-nın məlumatına görə, bunu jurnalistlərə açıqlamasında Azərbaycan Respublikası Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin sədri Ülvi Mehdiyev bildirib. Onun sözlərinə görə, bu gün Bakıda üzv ölkələrin rəsmi şəxslərinin, ekspertlərinin görüşünün keçirilməsinin məqsədi ASAN Beynəlxalq Assosiasiyasının Nizamnamə layihəsinin təsdiq olunmasıdır: "ASAN Beynəlxalq Assosiasiyasının beynəlxalq təşkilat olaraq Nizamnaməsi hazırdır. Nizamnamə bütün üzv dövlətlərin ekspertləri tərəfindən ilkin olaraq qiymətləndirilib. Növbəti mərhələ kimi 2020-ci ildə üzv ölkələrin nazirlərinin görüşü keçiriləcək. O görüşdə Nizamnamə imzalanaraq artıq həmin dövlətlərdə ratifikasiya olunacaq".

Agentlik sədri qeyd edib ki, bu, həm "ASAN xidmət", həm də Azərbaycan adından çox böyük uğurdur: "Çünki "ASAN xidmət" bu gün müxtəlif ölkələr tərəfindən tətbiq olunması arzulanan bir konseptdir. "ASAN xidmət" modelinin tətbiqi ilə bağlı müxtəlif ölkələrdən sorğular alırıq. Ona görə də düşündük ki, belə bir təşəbbüs göstərək. Bu gün dünyada ayrı-ayrı sahələr üzrə beynəlxalq təşkilatlar mövcuddur. Amma sırf vətəndaşlar üçün əlçatan dövlət xidmətlərini təşkil edən qurumların belə bir birliyi yox idi. Belə Assosiasiya ilk dəfə Azərbaycanın təşəbbüsü ilə yaradılır. Assosiasiyanın əsas məqsədi bu sahədə olan ən mütərəqqi konseptləri digər ölkələrə tətbiq etmək, təcrübə mübadiləsi aparmaq, ekspert bazası yaratmaq, qarşımıza çıxan problemlərin müzakirəsi edilməsi və həlli yollarının tapılmasıdır".

Ü.Mehdiyev deyib ki, Azərbaycan bu Assosiasiyanın yaratdığı imkanlar hesabına "ASAN xidmət" konseptini daha çox ölkəyə ixrac edə biləcək: "Burada diqqət çəkən məqam odur ki, ASAN sözü artıq Azərbaycan sözü olmaqdan çıxır və beynəlxalq təşkilatın adına, hüquqi xidmətlər göstərmək sahəsində terminoloji sözə çevrilir".

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR