Dünya Azərbaycanlılarının Köln Forumu keçiriləcək

Dünya Azərbaycanlılarının Köln Forumu keçiriləcək
# 03 noyabr 2016 06:53 (UTC +04:00)

Dünya Azərbaycanlıları Assambleyasının (DAA) təşkilatçılığı ilə 4 fevral 2017-ci ildə Dünya Azərbaycanlılarının Köln Forumu keçiriləcək.

DAA prezidenti Rəşad Quliyev bildirib ki, Almaniyanın Köln şəhərində təşkil olunacaq tədbirdə dünyanın müxtəlif ölkələrində yaşayan azərbaycanlı diaspor fəalları ilə yanaşı Almaniyada fəaliyyət göstərən siyasi partiyaların, qeyri-hökumət təşkilatlarının təmsilçilərinin, millət vəkillərinin, bir sıra beynəlxalq qurumların nümayəndələri iştirak edəcək.

Forumun ilk iki saatında “Vision of Azerbaijan” (Azərbaycanın mənzərəsi) adı altında Azərbaycan musiqisi, tarixi, mədəniyyəti , mətbəxi, incəsənəti, turist bölgələrinin təqdimatı olacaq.

"Daha sonra bu il almanların Azərbaycana köç etməsinin 200 ili tamam olduğu üçün forumda həmin hadisəyə həsr olunan film nümayiş olunacaq. Bundan başqa, “Mədəniyyətlər və dinlərarası dialoq : Azərbaycan nümunəsi” mövzusunda müzakirələr nəzərdə tutulub", - deyə o bildirib.

DAA prezidenti deyib ki, forumda dünya azərbaycanlılarının durumu , problemləri , onların həlli yolları, qarşıda duran vəzifələr, Gürcüstan, İran, Dərbənd, İraq və başqa ölkələrdə kompakt yaşayan soydaşlarımızın vəziyyəti, Qarabağ məsələsi və beynəlxalq təşkilatların mövqeyi, DAA-nın fəaliyyət strategiyasının, proqramının hazırlanmasına dair müzakirələr, diskussiyaların keçirilməsi nəzərdə tutulur.

Toplantıya Azərbaycan hökumət nümayəndələri, Diaspora Komitəsi rəhbərliyi, millət vəkilləri və bir sıra fəal ictimai siyasi qurumların təmsilçiləri də dəvət olunacaq.

"Forumun digər məqsədi dünyaya səpələnmiş soydaşlarımızın yaşadıqları ölkələrə inteqrasiya prosesi ilə tanış olmaq, bu istiqamətdə bir sıra məsələləri müzakirə etmək, bundan başqa, Azərbaycan təşkilatlarının bir-biri ilə sıx qarşılıqlı əlaqələrinin yaranmasına töhfə vermək, onları birgə fəaliyyət təşəbbüskarlığına həvəsləndirməkdir", - deyə R. Quliyev bildirib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR