Dövlət Agentliyi: Yerli keyfiyyətli inşaat materialları olmadan tikinti sektorunun inkişafı asan olmayacaq

Dövlət Agentliyi: Yerli keyfiyyətli inşaat materialları olmadan tikinti sektorunun inkişafı asan olmayacaq
# 19 oktyabr 2016 10:30 (UTC +04:00)

Bakı. Vüsal Nəbiyev - APA-Economics. "Son illər Azərbaycanda ən çox inkişaf edən sahə tikinti sektorudur. Təbii ki, son zamanlar dünya iqtisadiyyatında baş verən böhran ölkəmizin tikinti sektoruna da təsir edib". "APA-Economics" xəbər verir ki, bunu Fövqəladə Hallar Nazirliyinin (FHN) Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyinin rəis müavini Elxan Əsədov "BakuBuild-2016" sərgisinin açılışında çıxışı zamanı bildirib.

E. Əsədovun sözlərinə görə, buna baxmayaraq, Azərbaycanda tikinti sektorunun inkişafı davam edir: "Qlobal miqyasda baş verən böhrana baxmayaraq, iqtisadi sahədə dövlət investisiyalarının həcmi azalmayacaq, əksinə artacaq. Bunları nəzərə alaraq qarşıdakı illərdə Azərbaycanda tikinti sektorunun böyük inkişafı gözlənilir. Bugünkü sərginin həm yerli, həm də xarici iştirakçılarını gələcək işlərə bu gündən hazırlaşmağı məsləhət görürəm".

O əlavə edib ki, keyfiyyətli işi həyata keçirmək üçün eyni zamanda ucuz və keyfiyyətli inşaat materiallarına ehtiyac var. "Statistika göstərir ki, bu gün Azərbaycanda istifadə olunan tikinti materialların əksəriyyəti xarici ölkələrdən idxal olunur. Bunlar əsasən üzlük materialları, daxili bəzək işlərində istifadə olunan materiallar, kirəmit materialları, izolyasiya materialları və sairdir. Lakin yerli bazarda istehsal olunan ucuz və keyfiyyətli inşaat materialları və məmulatları olmadan Azərbaycan tikinti sektorunun gələcək inkişafını təmin etmək o qədər də asan deyil".

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR