Azərbaycanda kredit borcu olanların sayı 2,2 milyona yaxınlaşır

Azərbaycanda kredit borcu olanların sayı 2,2 milyona yaxınlaşır
# 08 oktyabr 2014 12:08 (UTC +04:00)

Bakı. Musa Əhmədov - APA-Economics. 2013-cü ilin yanvar-avqust ayları ilə müqayisədə 2014-cü ilin eyni dövründə cəmi maliyyə müəssisələrindən kredit götürənlərin sayı 21,4%, başqa sözlə 386 935 nəfər artaraq bu ilin sentyabr ayının 1-nə 2 mln. 194 min 966 nəfər təşkil edib.

APA-Economics”in Mərkəzi Banka istinadən yaydığı məlumata görə, bunun 10 min 584 nəfəri hüquqi, 2 mln. 165 min 547-si fiziki şəxslər, 18 min 835 nəfəri sahibkarlıq subyektləridir.

Statistik məlumatların təhlili göstərir ki, fiziki şəxslər arasında borcalanların sayı kəskin artıb. Belə ki, 2013-cü ilin avqustundan indiyədək daha 383 130 fiziki şəxs borcalanların siyahısına daxil olub.

Hesabat dövründə borcalan hüquqi şəxslərin sayında 995 nəfər, sahibkarlıq subyektlərinin sayında isə 2 810 nəfərlik artım olub.

Təkcə iyul ayı ilə müqayisədə avqustda kredit götürən fiziki şəxslərin sayında 30 055, sahibkarlıq subyektlərinin sayında 367, hüquqi şəxslərin sayında isə 51 nəfərlik artım olub.

Bu ilin avqust ayında Mərkəzləşdirilmiş Kredit Reyestrinə (MKR) üzv təşkilatlardan 286 404 sorğu daxil olub. Başqa sözlə, son bir ildə Mərkəzləşdirilmiş Kredit Reyestrinə müraciətlərin sayı 45,97% artıb. Bu sorğuların 279 917-si banklar tərəfindən daxil olub. 6 487 nəfər isə öz kredit tarixçəsi barədə məlumat almaq məqsədilə kredit reyestrinə müraciət edib.

Bu ilin 8 ayının göstəricilərini təhlil edəndə məlum olur ki, ümumilikdə fiziki şəxslər tərəfindən kredit reyestrinə daxil olan müraciətlərin sayında artım var. Başqa sözlə, ilin əvvəli ilə müqayisədə avqust ayında reyestrə daxil olan sorğular 1,4 dəfə çoxalıb. Məsələn, yanvar ayında 1 799, fevralda 3 452, martda 4 228, apreldə 5 589, mayda 4 073, iyunda 4 086 nəfər, iyulda 9 205 nəfər kredit tarixçəsini öyrənmək istəyib, avqustda bu göstərici 6 487-yə düşüb. Başqa sözlə, iyul ayı ilə müqayisədə avqustda fiziki şəxslərin sorğularının sayı 1,4 dəfə azalıb.

Avqust ayına olan məlumata görə, kredit reyestrində haqqında məlumat olan borcalanların sayı 2 194 966, kredit məlumatlarının ümumi sayı isə 8 117 093 təşkil edir. Reyestrdə olan zaminlər haqqında məlumatların sayı 1 035 622-dir.

Qeyd edək ki, Mərkəzləşdirilmiş Kredit Reyestri Xidməti 2005-ci ilin martından fəaliyyət göstərir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR