Bakı 2015 Avropa Oyunları Ümumrusiya Beynəlxalq Jurnalistlər Festivalına dəvət olunub

Bakı 2015 Avropa Oyunları Ümumrusiya Beynəlxalq Jurnalistlər Festivalına dəvət olunub
# 03 oktyabr 2014 16:35 (UTC +04:00)

Bakı - APA. Bakı 2015 Avropa Oyunları Ümumrusiya Beynəlxalq Jurnalistlər Festivalında gələn yayın ilk Avropa Oyunları haqqında ətraflı təqdimat keçirəcək.

APA-nın xəbərinə görə, bir həftə davam edəcək nüfuzlu görüş Rusiya Federasiyasının bu ilin əvvəlində Qış Olimpiya və Parolimpiya Oyunlarına uğurla ev sahibliyi etmiş Soçi şəhərində keçirilir.

Bakı 2015-in Korporativ direktoru Elçin Səfərov Avropa Oyunları Əməliyyat Komitəsi tərəfindən qazanılmış son uğurları və Azərbaycanın idman nailiyyətlərini müzakirə etmək üçün Soçi şəhərinə gedən nümayəndə heyətinə rəhbərlik edəcək.

“Biz Ümumrusiya Beynəlxalq Jurnalistlər Festivalına dəvət olunmaqdan qürur duyur və tədbiri səbirsizliklə gözləyirik. Bu, qonşu ölkənin Bakı 2015 Avropa Oyunları üçün planların nə dərəcədə inkişaf etdiyini, artıq qitədə maraq və stimulun necə yaranmasını başa düşməsinə kömək etmək üçün əhəmiyyətli fürsətdir. Bizim təqdimatımız və mühazirəmizdə əsas diqqət ilk Avropa Oyunlarının 20 idman növü üçün innovativ planlar və bu vaxta qədər işlərimizə necə nail olduğumuza cəmləşəcək. Mən bu təklifə görə Rusiya Jurnalistlər İttifaqının rəhbəri Vsevolod Boqdanova təşəkkür edirəm” - deyə E.Səfərov bildirib.

Rusiya Jurnalistlər İttifaqı tərəfindən təşkil olunan Ümumrusiya Beynəlxalq Jurnalistlər Festivalı artıq 18 ildir ki, keçirilir və bu festivalda 1000-dən çox nüfuzlu media nümayəndələri iştirak edəcəklər. Digər iştirakçıların sırasına Birləşmiş Millətlər Təşkilatının üzvləri, YUNESKO nümayəndələri, müxtəlif beynəlxalq jurnalist təşkilatlarının və Avropa media qurumlarının rəhbərləri daxildir.

Qeyd edək ki, 2015-ci ilin 12-28 iyun tarixlərində keçiriləcək Bakı 2015 Avropa Oyunları Avropa qitəsi üçün çoxsaylı idman növləri üzrə baş tutacaq çox maraqlı və innovativ yarışlar olacaq. Bakı 2015 Avropa Oyunları ümumilikdə 20 idman növü üzrə keçiriləcək: bunlardan 16-sı Olimpiya idman növü, dördü qeyri-olimpiya idman növü olacaq. Avropanın müxtəlif ölkələrindən 6000-dən çox idmançının 17 yarış günü müddətində öz ölkələrini təmsil edəcəyi gözlənilir. Doqquz idman növü 2016-cı il Rio-de-Janeyro Yay Olimpiya Oyunları üçün seçmə yarışlara imkan yaradacaq. Həmin idman növlərinə Oxatma, Yüngül atletika, Velosiped idmanı, Atıcılıq, Üzgüçülük, Stolüstü tennis, Taekvondo, Triatlon və Voleybol daxildir.

Avropa Oyunlarının keçirilməsi 2012-ci ilin dekabr ayında Avropa Olimpiya Komitələri (AOK) tərəfindən Bakı şəhərinə həvalə olunub. Bakı Avropa Oyunları Əməliyyat Komitəsi (BEGOC) AOK ilə əməkdaşlı şəkildə Oyunları təşkil və idarə edəcək.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR