Rusiyanın Azərbaycandakı səfirinin müşaviri Oleq Muraşov Nazirlər Kabineti yanında Tərcümə Mərkəzində olub

Rusiyanın Azərbaycandakı səfirinin müşaviri Oleq Muraşov Nazirlər Kabineti yanında Tərcümə Mərkəzində olub
# 09 dekabr 2014 18:38 (UTC +04:00)

Bakı. Cavid Zeynallı – APA. Rusiyanın Azərbaycandakı fövqəladə və səlahiyyətli səfirinin müşaviri Oleq Muraşov Nazirlər Kabineti yanında Tərcümə Mərkəzində olub. Mərkəzdən APA-ya verilən məlumata görə, görüş zamanı O.Muraşоv Mərkəz barədə fikirlərini bölüşüb: “Sizin rus ədəbiyyatından tərcümə və çap etdiyiniz kitabların kataloqu ilə tanış olduq. Tərcümə Mərkəzinin rus ədəbiyyatına və mədəniyyətinə olan diqqət və qayğısı bizi çox sevindirdi. Xüsusən, diqqətimizi tərcümə olunan ədəbiyyatların seçimi cəlb etdi. Ümid edirik ki, bu cür mədəni və ədəbi mübadilələr qarşılıqlı və daimi olacaq”.

Mərkəzin direktoru Afaq Məsud qonağa qurumun fəaliyyət istiqaməti, perspektivləri barədə məlumat verib. O bildirib ki, mərkəz təkcə bədii əsərlərin tərcüməsi ilə yox, ölkənin bütün sahələri üzrə gedən tərcümə proseslərinin təkmilləşdirilməsi və tənzimlənməsi ilə məşğul olacaq: “Bu gün Mərkəzdə dünyanın aparıcı dilləri üzrə mütəxəssislər çalışır. Biz görülən işlərin peşəkar səviyyədə həyata keçirilməsində maraqlıyıq. Tərcümə – sahələr üzrə bilik, yüksək peşəkarlıq və məsuliyyət tələb edən ciddi bir sahədir. Lakin təəssüflər olsun ki, çox zaman naşı yanaşmanın qurbanına çevrilir”.

Daha sonra Mərkəzin “Elm, təhsil və mədəniyyət şöbəsi”nin müdiri Yaşar Əliyev Mərkəzin uzun illər rus ədəbiyyatından tərcümə edilən əsərlərdən, həmçinin çapa hazırlanan kitablardan danışıb. O, qeyd edib ki, Rus ədəbiyyatı Azərbaycan yazıçılarına güclü təsir göstərib: “Təkcə tərcümə baxımından yox, ədəbiyyatın özü daim bizim maraq mərkəzimizdə olub. Mərkəz dünya xalqları ədəbiyyatının tərcüməsində ən geniş yeri həmişə rus ədəbiyyatına verib. Hazırda rus ədəbiyyatından bir neçə kitab çap ərəfəsindədir”.

O.Muraşov Mərkəzin fəaliyyətindən, belə bir qurumla yaxından tanışlıqdan məmnunluğunu bildirərək, Rusiya səfirliyinin dil və tərcümə ilə bağlı bir sıra tədbirlərinin Mərkəzlə sıx əməkdaşlıq zəminində həyata keçirilməsinin əhəmiyyətindən danışıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR