BMT baş katibi İsrail və Fələstin liderlərini gərginliyi azaldacaq addımlar atmağa çağırıb

BMT baş katibi İsrail və Fələstin liderlərini gərginliyi azaldacaq addımlar atmağa çağırıb
# 21 noyabr 2014 10:14 (UTC +04:00)

Bakı. Zümrüd Paşayeva - APA. BMT-nin baş katibi Pan Gi Mun İsrail və Fələstin liderlərini gərginliyi azaldacaq addımlar atmağa çağırıb.

APA-nın BMT-nin İnformasiya Mərkəzinə istinadən məlumatına görə, baş katib Fələstin prezidenti Mahmud Abbas və İsrail baş naziri Benyamin Netanyahu ilə telefon əlaqəsi saxlayaraq, Qüdsün qərbində sinaqoqda baş verənlərin onu çox narahat etdiyini qeyd edib, bu çətin mərhələdə ölkələr arasında şiddətin bitməsi və münasibətlərin yaxşılaşması üçün liderlərin lazımi cəhdlər göstərməsinin vacib olduğunu deyib.

Müqəddəs məkanlardakı gərginliyin və toqquşmaların qarşısının alınmalı olduğunu bildirən Pan Gi Mun “Qüdsdə gərginliyin azaldılmaması İsrail-Fələstin münaqişəsinin tez bir zamanda dini münaqişəyə çevrilməsinə səbəb ola bilər” - deyə o əlavə edib.

Baş katib Əmmanda keçirilən toplantını xatırladaraq, tərəflərin götürdükləri öhdəliklərə sadiq qalmalı olduğunu vurğulayıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR