Əfqanıstanın yeni səfiri Azərbaycana oktyabrın sonlarında gələcək

Əfqanıstanın yeni səfiri Azərbaycana oktyabrın sonlarında gələcək
# 16 oktyabr 2014 10:24 (UTC +04:00)

Bakı. Rüfət Əhmədzadə - APA. Əfqanıstanın Azərbaycana yeni təyin olunmuş səfiri Mohammad Taqi Xalili oktyabrın sonlarında Bakıya gələcək.

Bu barədə APA-ya Əfqanıstanın Azərbaycandakı səfirliyindən məlumat verilib.

Səfirlikdən bildirilib ki, namizədliyi sabiq prezident Həmid Karzay tərəfindən irəli sürülmüş yeni səfirin təyinatı rəsmi Bakı ilə razılaşdırılıb və artıq diplomat Azərbaycana gəlməyə hazırlaşır.

Qeyd edək ki, M. Xalili 1976-cı ildə Əfqanıstanın Vardak vilayətinin Maidan şəhərində doğulub. 1995-1996 tədris ilində Azərbaycan Memarlıq və İnşaat Universitetinin mühəndislik fakültəsinə qəbul olunub, lakin Əfqanıstandakı vətəndaş müharibəsi ilə əlaqədar 3 ay sonra Bakıdakı təhsilini yarımçıq qoyaraq ölkəsinə qayıdıb. Təhsilini İran və İsveçrədə davam etdirən M. Xalili 2012-ci ildə Vaşinqtondakı Corctaun Universitetində magistr dərəcəsi alıb.

2002-ci ildə “Taliban” rejiminin süqutundan sonra ölkəsinin diplomatik xidmətində fəaliyyətə başlayıb. Həmid Karzayın prezidentliyi dövründə özünü gənc lider kimi təsdiq etmiş M. Xalili 2009-cu ildə H. Karzayın seçki kampaniyasına 50 mindən çox tərəfdaş toplamaqla uğur qazanıb. Əfqanıstanda insan haqlarının və qadın hüquqlarının qorunmasında fəal mübarizə aparan şəxslərdən biri kimi tanınır.

Azərbaycana səfir təyin olunmazdan əvvəl M. Xalili 2013-2014-cü illərdə Əfqanıstanın BMT-dəki daimi nümayəndəliyində səfir müşaviri olub. Ailəlidir, bir qızı və iki oğlu var.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR